Tələbələrimiz “Aprel zəfərindən ötən hər günə bir ağac əkək” kampaniyasında iştirak etdilər
Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qazandığı şanlı aprel qələbəsinin iki ili tamam olur. Bu münasibətlə aprelin 4-də Təhsil və Müdafiə Nazirliklərinin birgə təşkilatçılığı ilə 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun qazandığı tarixi qələbəyə həsr olunmuş “Aprel zəfərindən ötən hər günə bir ağac əkək” devizi altında Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə ağacəkmə kampaniyası keçirildi.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.
Sonra hərbi hissənin klubunda əsgərlərlə görüş keçirildi. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ağacəkmə kampaniyasında Təhsil və Müdafiə Nazirliklərinin rəhbər işçiləri, aprel döyüşləri şəhidlərinin və iştirakçılarının ailə üzvləri, şagirdlər, tələbə-könüllülər, o cümlədən Sumqayıt Dövlət Universitetinin tələbələri fəal iştirak etdilər.
Görüşü giriş sözü ilə açan Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani tədbirin məqsədi barədə məlumat verdi. Bildirdi ki, Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi olan aprel döyüşlərinin ikinci ildönümünün qeyd edilməsi, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun artırılmasına töhfə verilməsi bu tədbirin əsas məramıdır.
Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd etdi ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Ordusunun 2016-cı ilin aprel ayında həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində strateji mövqelərə nəzarət bərpa olunub və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qələbə qazanılıb. Aprel döyüşlərində qazanılan qələbənin ikinci ildönümünün ictimaiyyət, o cümlədən təhsil işçiləri tərəfindən də qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik hissini bir daha nümayiş etdirir. Nazir müavini düşmən tapdağı altında olan torpaqlarımızın yaxın zamanlarda işğaldan azad ediləcəyinə əminliyini ifadə etdi.
Sonra çıxış edən Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev bildirdi ki, 2016-cı ilin aprelində Azərbaycan ordusu bir daha gücünü nümayiş etdirib düşmənin çoxlu sayda canlı qüvvə və texnikasını məhv etdi. Milli ordunun bu tarixi qələbəsi xalqımızda böyük ruh yüksəkliyi yaratdı, düşmən üzərində tezliklə qələbəmizə əminlik və nikbinlik hislərini artırdı.
Tədbirdə Milli Ordumuzun şanlı tarixinə çevrilmiş aprel döyüşlərinin hər bir Azərbaycan vətəndaşına qürur hissi yaşatdığı, eləcə də ölkə Prezidentinin yüksək qayğısı ilə Cocuq Mərcanlı kəndinin bərpası istiqamətində görülən işlər xüsusi qeyd olundu.
“Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş şəhid Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə, Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva, Milli Qəhrəman Samid İmanovun həyat yoldaşı Badam İmanova çıxış edərək onlara göstərilən diqqət üçün minnətdarlıqlarını bildirdi, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların həyat yolunun gənc nəsil üçün örnək olduğunu qeyd etdilər.
İştirakçılar hərbi hissədə yaradılan şəraitlə tanış oldular. Sonra hərbi hissənin ərazisində ayrılmış xüsusi məkanda Təhsil və Müdafiə nazirliklərinin birgə təşəbbüsü ilə aprel zəfərindən ötən hər gün üçün 730 ağac əkildi.
Mərasimdə ən təsirlisi aprel döyüşlərinin iştirakçısı, “Şücaətə görə” medalı ilə təltif edilmiş Azər Məmmədovun iştirakı idi.
Mətbuat xidməti