Dissertasiya şurasının ilk müdafiəsi keçirildi
Martın 30-da universitetin Dissertasiya Şurasında Proseslərin avtomatlaşdırılması kafedrasının dissertantı Afət Hüseynovanın 3337.01 – İnformasiya-ölçmə və idarəetmə sistemləri (sahələr üzrə) ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Krekinq prosesində katalizator dövranı dinamika parametrlərinin dolayı ölçülməsi üçün metodik əsasların işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirildi. Dissertasiya Şurasının sədri professor Əkbər Ağayevin rəhbərliyi ilə keçirilən iclasda Afət Hüseynovanın məruzəsindən sonra şura üzvlərinin sualları ətraflı cavablandırıldı. Müdafiədə səsləndirilən yeniliklər və müddəalar böyük maraqla qarşılandı. Opponentlər və müdafiədə çıxış edən elm adamları elmi işin sanbalı və geniş əhatə olunduğunu diqqətə çatdırdılar. Dissertasiya şurası rəsmi opponentlərin, ayrı-ayrı alimlərin dissertasiya və onun avtoreferatı haqqında rəylərini, dissertasiya işi üzrə yerli və xarici elmi jurnallarda çap olunmuş məqalələri, dissertasiya işinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini nəzərə alaraq, iddiaçının fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olması haqqında qərar qəbul etdi.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 15 dekabr 2017-ci il tarixli (protokol №21-R) qərarına əsasən Sumqayıt Dövlət Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirmək üçün FD.02.193 Dissertasiya Şurası yaradılmışdır. 3337.01 –İnformasiya ölçmə və idarəetmə sistemləri (sahələr üzrə) (texnika). 3303.01 – Kimya texnologiyası və mühəndisliyi (kimya) ixtisasları üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işlərinin müdafiəsinin keçirilməsi təmin olunur. Şuranın tərkibi 13 nəfərdən ibarət təsdiq edilmiş, Azərbaycan Respublikasının Əməkdar müəllimi kimya üzrə elmlər doktoru, professor Əkbər Ağayev Dissertasiya Şurasının sədri texnika üzrə elmlər doktoru professor Aqil Hüseynov sədr müavini, kimya üzrə fəlsəfə doktoru dosent Musa Mustafayev Elmi katib təyin edilmişdir.
Mətbuat xidməti