31 Mart azərbaycanlıların Soyqırımının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi
Martın 30-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi.
Konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı cənab Zakir Fərəcovun, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər ictimaiyyətinin iştirakı ilə azərbaycanlıların soyqırımına həsr olunmuş sərgiyə və filmə baxış keçirildi, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycanlıların Soyqırımının 100 illiyinə həsr olunmuş elmi-praktik konfransda Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “31 Mart 1918-ci il soyqırımı: Bakıda törədilən qırğınlar”, Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi Aytən Əsədova “1918 –ci ildə ermənilər tərəfindən Azərbaycanın bölgələrində törədilən qırğınlar”, Folklorşünaslıq Elmi Tədqiqat laboratoriyasının müdiri professor Astan Bayramov “Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası”, Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nofəl Abdullayev “ Ulu öndər Heydər Əliyevin “Azərbaynlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanının tarixi mahiyyəti haqqında”, Sumqayıt şəhəri 31 saylı orta məktəbin tarix müəllimi Raqif Şirinov “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr” adlı məruzələri dinlənildi. Natiqlər çıxışlarında qeyd etdilər ki, tarix boyu təcavüzkar siyasət yeridən, “dənizdən-dənizə böyük Ermənistan” xülyası ilə sərsəm olan ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoymuş, havadarlarının köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. 1918-ci ilin mart souqırımı zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmiş, Şamaxı, Quba və digər yerlərdə on minlərlə azərbaycanlı qəddarlıqla öldürülmüş, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilmişdir. 1918-1920-ci illərdə Qarabağ, Qərbi Azərbaycan və digər bölgələrdə on minlərlə soydaşımız amansızlıqla öldürülmüşdür. 1988-ci ildə ermənilərin başlatdıqları müharibə nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanaraq ifşa olunmuşdur. Erməni cəlladlarının həyata keçirdikləri işğalçılıq siyasəti ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda tam əksini tapmış və bunun sayəsində soyqırımına siyasi və hüquqi qiymət vermək imkanı yaranmışdır. Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyünü vurğuladılar. Dövlət başçısının 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı bu istiqamətdə mühüm addımlardan biri olduğunu diqqətə çatdırdılar. Əminliklə qeyd etdilər ki, müstəqil Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət ermənilərin “böyük Ermənistan” xülyasını alt-üst edəcək və xalqımız öz əzəli torpağına tezliklə qovuşacaq.
Mətbuat xidməti