“Heydər Əliyev və Milli mənəvi dəyərlərimiz”mövzusunda növbəti məşğələ
Martın 28-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Heydər Əliyev və milli - mənəvi dəyərlərimiz”mövzusunda növbəti məşğələ keçirildi.
Rektor, professor Elxan Hüseynov milli-mənəvi dəyərlərimizin dövlətçiliyimizin möhkəmləndirilməsində oynadığı roldan bəhs etdi. Bildirdi ki, Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən - nəslə ötürmüşdür Bu, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın milli-mənəvi yaddaşına beynəlxalq aləmin ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürüdür. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda ulu öndər gənclərimizi, xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Ulu öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsinin əhəmiyyətini xüsusi vurğulayırdı: “... Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”. Rektor onu da qeyd etdi ki, Heydər Əliyev 1969-1982-ci illərdə respublikaya rəhbərlik edərkən sovet rejiminin olduqca sərt xarakterinə baxmayaraq, milli ənənələrimizin qorunub saxlanması üçün böyük fədakarlıq göstərirdi.Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət vermişdir. Ulu öndərin tövsiyələri ölkəmizdə böyük uğurla həyata keçirilir. Bu siyasəti davam etdirən Azərbaycan Prezidenti cənab İham Əliyev mənəvi dəyərlərimizin inkişafına və təbliğinə böyük dəstək verir. Digər məsələlərlə yanaşı, milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanılması dövlət başçısının daim diqqətindədir. Prezident cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda dünya mədəniyyətinə də öz töhfəsini verməkdədir. Təbii ki, bu məsələdə adı çəkilən sahəyə dövlət qayğısının gündən-günə artması milli-mənəvi sərvətlərimizin dünyada tanıdılmasına geniş imkanlar açır. Adət-ənənələrimizi, milli mətbəximizi və musiqimizi beynəlxalq miqyasda tanıtmaq üçün dövlətimiz bir çox tədbirlər təşkil edir.
Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulamaq lazımdır. Məhz Mehriban Əliyevanın fəaliyyəti sayəsində Azərbaycan mədəni irsinin bir çox nümunələri UNESCO-nun Bəşəriyyətin Qorunan Mədəni İrs Siyahısına daxil edilmişdir. Buraya muğam sənəti, tar ifaçılığı, qədim misgərlik, aşıq sənəti, Novruz bayramı və s. daxildir. Dünyanın bir çox ölkələrində Azərbaycanın mənəvi irsi mütəmadi olaraq təbliğ olunur.
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor, Əməkdar jurnalist Avtandil Məmmədov “Heydər Əliyev və Milli mənəvi dəyərlərimiz”,Tarix və onun tədrisi metodikası kafedarsının dosenti Samir Kərimli - “Azərbaycan xalqının taleyində Novruz bayramı”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Nail Qurbanov “Heydər Əliyev və “ Kitabi – Dədə Qorqud”, Kimya və biologiya fakültəsinin II kurs tələbəsi Ləman Nərimanova “Heydər Əliyevin Fondu milli mənəvi dəyərlərimizin qoruyucusudur”, Filologiya fakültəsinin III kurs tələbəsi Elmira Yaqubova “ İlham Əliyev milli mənəvi dəyərlərimizin hamisi Heydər Əliyevin davamçısı kimi” mövzularında çıxış edərək ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması istiqamətində aparılan işlərdən söhbət açdılar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi irsimizin qorunması və inkişafı istiqamətindəki xidmətlərindən bəhs etdilər. Bildirdilər ki, hər hansı bir ölkədə xalqın milli- mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.
Mətbuat xidməti