Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi təntənə ilə qeyd edildi
Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi təntənə ilə qeyd edildi
Dekabrın 8-də Sumqayıt Dövlət Universitetinin 55 illiyinə həsr olunmuş yubiley tədbirinin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elmi ictimaiyyətin təmsilçiləri, dünyanın müxtəlif ölkələrindən olan alimlər, ali məktəb rektorları iştirak etdilər.
Öncə rektor professor Elxan Hüseynov,  universitetin kollektivi, Ufa Dövlət Neft Texniki Universitetinin rektoru akademik Ramil Baxtizin və nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə əklil qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anıldı, məzarı üzərinə tər güllər düzüldü.
Tədbir iştirakçıları tələbələrin Böyük Akt zalının foyesində təşkil olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirdi.
Dövlət Himninin səsləndirilməsi ilə açılan yubiley tədbirində universitetin rektoru professor Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin 55  illik yubileyinə dəvət olunan dövlət və hökumət rəsmilərinə, Milli Məclisin deputatlarına, elmi ictimaiyyətin təmsilçilərinə, dünyanın müxtəlif ölkələrindən olan alimlərə, ali məktəb rektorlarına mərasimdə iştrak etdiklərinə görə təşəkkürünü  bildirdi. Sumqayıt Dövlət Universitetinin 55 ildə keçdiyi inkişaf yolundan, tarixindən, bu illər ərzində əldə etdiyi uğurlardan, qarşıda duran vəzifələrdən söz açdı. Rektor bildirdi: “Qürurla deyə bilərəm ki, müstəqil Azərbaycan dövlətinin dünya ölkələri arasında nüfuzunun ildən-ilə yüksəlməsində, bütün sahələrdə çiçəklənib qüdrətli və tolerant bir respublika kimi tanınmasında elm və təhsilin böyük rolu vardır. Elm və təhsilin ardıcıl və güclü dinamikası hər hansı bir xalqın yalnız milli-əqli potensialının deyil, həm də onun iqtisadi gücünün, hərbi-siyasi qüdrətinin inkişaf tempini müəyyənləşdirir. Düzgün qurulmuş təhsil siyasəti və onun başlıca istiqamətləri müasir Azərbaycan cəmiyyətinin bütün sahələrini əhatə edir. Ulu öndərimizin müdrik kəlamlarının birində deyildiyi kimi, “Təhsil hər bir dövlətin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Təhsilin prioritet vəzifələrini ifadə edən bu sözlər böyük uzaqgörənliklə Azərbaycanın bu günündən onun parlaq gələcəyinə ünvanlanmışdır. Bu gələcəyi təmin etmək, Azərbaycan təhsilinin milli və bəşəri ənənələr üzərində inkişafının əsas perspektivlərini müəyyənləşdirib həyata keçirmək istiqamətində ali təhsil müəssisələrinin üzərinə çox şərəfli və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələrin həyata keçirilməsində respublikamızın bütün ali təhsil ocaqları kimi, Sumqayıt Dövlət Universitetinin də özünəməxsus yeri və mövqeyi vardır.
Azərbaycan ali təhsil sistemində Sumqayıt Dövlət Universitetinin yerini müəyyənləşdirmək üçün onu Sumqayıt şəhərinin inkişafından, bu inkişafın tarixi-mədəni və sosial-iqtisadi dinamikasında əvəzsiz xidmətləri olan Ulu öndər Heydər Əliyevin fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyildir. Obrazlı ifadə etsək, Sumqayıt xalqımızın Azərbaycana, Sumqayıt Dövlət Universiteti isə Heydər Əliyevin xalqımıza töhfəsidir. 1993-cü ildən başlayaraq ölkəmizdə aparılan siyasi-iqtisadi və hərbi islahatlarla yanaşı, təhsil islahatı da Azərbaycan dövlətinin və hökumətinin daim diqqət mərkəzində olmuşdur. Bu istiqamət üzrə Sumqayıt Dövlət Universiteti qabaqcıl beynəlxalq təcrübədən, milli təhsil sisteminin uğurlarından və özünün 55 illik zəngin ənənələrindən bəhrələnməklə addımlar atır. Hər bir ali təhsil müəssisəsinin özünəməxsus keçmişi, bu günü və gələcəyi vardır. Sumqayıt Dövlət Universiteti öz tarixi ilə öyünməyə haqqı olan, bu gün qazandığı nailiyyətləri qabaqcıl ali məktəblərlə bir sırada nümayiş etdirə bilən və nəhayət, gələcək prioritet məsələlərin həllinə imza atmağı bacaran bir təhsil ocağıdır. Bu təhsil ocağının təməli 1962-ci ildə qoyulmuşdur. Fəaliyyət göstərdiyi dövrlər ərzində istər filial, istər institut, istərsə də  universitet kimi bu elm və təhsil ocağı yalnız Azərbaycanda deyil, həm də keçmiş Sovetlər Birliyində, eləcə də bir sıra xarici ölkələrdə sənaye və tədris müəssisələrini yüksəkixtisaslı kadrlarla təmin etmiş, ölkəmizin intellektual potensialına dəyərli töhfələr vermişdir. Müstəqillik qazandıqdan sonra respublikamızda fəaliyyət göstərən digər ali təhsil müəssisələri kimi Sumqayıt Dövlət Universiteti də milli düşüncəli, azərbaycançılıq məfkurəsinə sədaqətli gənclərin təlim-tərbiyəsində ən qabaqcıl metod və vasitələrdən istifadə edərək, yüksək təhsilli peşəkar kadrların hazırlanmasında strateji məqsədləri əsas götürmüşdür. Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bir sıra problemlər kimi, bu mühüm məsələ də öz həllini tapdı. Sumqayıtın respublikamızın ictimai həyatındakı roluna yaxından bələd olan, sumqayıtlıların istək və arzularına daim yüksək diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradıldı. Həmin gündən etibarən Sumqayıtın sosial-mədəni həyatında yeni bir inkişaf mərhələsinin əsası qoyuldu. Məhz bu tarixi fərmandan sonra şəhərin elm və təhsil ocaqlarında böyük bir canlanma yarandı, yeni-yeni istiqamətlərdə inkişaf dinamikasının perspektivləri müəyyənləşdi. Sumqayıtda fəaliyyət göstərən elmi-tədqiqat institutları ilə əlaqələrin qurulması şəhərdə elm və təhsilin inkişafına yeni təkan verdi. 
SDU-nun kollektivi bütün bunlara birdən-birə nail olmamışdır. Əldə olunan uğurların özülündə dövlətimizin məqsədyönlü və ardıcıl siyasəti dayanır. Prezident möhtərəm İlham Əliyevin elm və təhsilin inkişafına böyük önəm verməsi, “neft kapitalını insan kapitalına çevirmək” istiqamətində müəyyənləşdirdiyi kurs ölkəmizin ucqar guşələrində belə öz nəticələrini göstərməkdədir. Bu sahədə Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi fəaliyyət Azərbaycanı sülhsevər və qarşılıqlı əməkdaşlığa daim hazır olan bir ölkə kimi tanıdır, xalqımızın  yüksək milli-mənəvi dəyərlərini nümayiş etdirir.
Rektor çıxışında vurğuladı ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə SDU-nun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib, “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Rektor  yüksək təltiflərə görə dövlətimizin başçısına universitetin kollektivi adından dərin minnətdarlığını bildirdi. Sonra universitetin bir qrup əməkdaşına Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərmanı təqdim olundu.
Universitetin kollektivini yubiley münasibətilə təbrik edən təhsil nazirinin müavini cənab Ceyhun Bayramov SDU-nun zəngin ənənələrə malik elmi-pedaqoji fəaliyyətindən, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs etdi. Natiq  ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, Ulu öndərin ideyalarının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğuladı. Dövlətimizin başçısının apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışan nazir müavini Azərbaycanın sürətlə inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu bildirdi. Cənab Ceyhun Bayramov cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu qeyd edərək, ölkəmizdə bu sahə üzrə səmərəli islahatların aparıldığını, proqram və layihələrin reallaşdırıldığını diqqətə çatdırdı, ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunan əməkdaşları bir daha yubiley münasibətilə təbrik etdi, ali dövlət mükafatlarını sahiblərinə təqdim etdi. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı  cənab Zakir Fərəcov şəhərimizin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibətilə bütün professor-müəllim heyətini səmimi qəlbdən təbrik etdi. Bildirdi ki, Sumqayıt şəhərinin tarixi ənənələr əsasında inkişaf edərək, nəinki Azərbaycanın və Cənubi Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının uğurlu nəticəsidir. Hal-hazırda Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində Sumqayıt artıq  Azərbaycanın müasir sənaye mərkəzinə çevrilmişdir.  İndi Sumqayıtda 200-dən çox sənayeyönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir. Geniş profilli Sumqayıt Dövlət Universiteti həm də müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən bu müəssisələr üçün ixtisaslı kadrlar hazırlayır.  Cənab Zakir Fərəcov onu da qeyd etdi ki, məhz Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində Sumqayıt Dövlət Universiteti ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir. Şəhərimizin, eləcə də regionun elmi-mədəni elitasının formalaşmasını təmin edən Sumqayıt Dövlət Universitetində kadr potensialının inkişafı üçün müxtəlif layihələr gerçəkləşdirilir, mühüm uğurlara imza atılır. Rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə həyata keçirilən bu siyasət gənclərimizin peşəkar kadr kimi formalaşmasına müsbət təsir göstərir. İcra başçısı cənab Zakir Fərəcov onu da diqqətə çatdırdı ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə  bir qrup professor - müəllim heyəti “Əməkdar müəllim” fəxri adına və  “Tərəqqi” medalına layiq görülmüşdür. Bu, şəhərimizin ziyalılarının əməyinə verilən ali dövlət dəyəridir.
Tədbirdə Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədri, akademik Ramil Baxtizin çıxış edərək Sumqayıt Dövlət Universitetinin elm, təhsil sahəsindəki özünəməxsus yerindən və  ziyalı mühitinin formalaşmasındakı rolundan danışdı, universitet rəhbərliyini və kollektivi 55 illik yubileyi münasibətilə təbrik edərək yeni-yeni nailiyyətlər arzuladı. Ramil Baxtizin SDU-nun Fəxri doktor adına layiq görülməsindən məmnunluğunu ifadə etdi, bu adın Rusiya və Azərbaycan arasında dostluq və əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini vurğuladı. SDU-nun 55 illik yubileyinə həsr olunmuş mərasimdə Başqırdıstan  Respublikasının Baş nazirinin müavini S.Saqitovun təbrik məktubu, Uxta Dövlət Texniki Universitetinin rektoru, Komi Respublikasının Ali təhsil müəssisələrinin Rektorlar Şurasının sədri professor Nikolay Tsхаdаyanın məktubu, eyni zamanda universitetimizin Fəxri doktoru, Almaniyanın Lüdviqshafen şəhərinin keçmiş ober-burqomistri Eva Lohsenin təbrik məktubları səsləndirildi.
Tədbir universitetin marşı ilə yekunlaşdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az