Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetdə Dövlət Bayrağı Gününə həsr olunmuş “Vətən bizdən başlayır” adlı tədbir keçirildi
Universitetdə Dövlət Bayrağı Gününə həsr olunmuş “Vətən bizdən başlayır” adlı tədbir keçirildi

Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin rəmzidir.Bayraqları bayraq edən üstündəki qandır! Bayraq mübarizlik və müstəqillik simvoludur. Keçmişimizdən bizə miras qalmış bu üçrəngli bayraq daima başımızın üstündə dalğalanacaq 
Noyabrın 7-də Sumqayıt Dövlət Universitetində Dövlət Bayrağı Gününə həsr olunmuş  “Vətən bizdən başlayır” adlı tədbir keçirildi.
Tədbirdə universitetin rektoru, professor Elxan Hüseynov Dövlət Bayrağı Gününün hər bir azərbaycanlı üçün qürur və şərəf günü olduğunu qeyd edərək, əlamətdar gün münasibətilə xalqımızı təbrik etdi. Rektor suverenliyimizin, dövlətçiliyimizin və müstəqilliyimizin ən əziz, ən uca atributlarından biri  olan üçrəngli bayrağın tarixindən və bu günün əhəmiyyətindən söz açaraq bildirdi ki, Azərbaycanda üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul olunmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir.  Həmin bayraq bir də 70 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də xalqın tələbi ilə Ali Sovet "Dövlət Bayrağı haqqında" Qanun qəbul edərək üçrəngli bayrağa Dövlət Bayrağı statusunu vermişdir. 1991-ci il oktyabr ayının 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını qəbul etmişdir. Rektor Azərbaycan Bayrağının keçdiyi şanlı tarixi yoldan danışaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmiş və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 
Bu  gün Azərbaycanın hər bir yerində  Dövlət Bayrağı  dalğalanır. İnanıram ki, tezliklə milli dövlət bayrağımız  işğal  altında  olan  torpaqlarımızda qaldırılacaqdır.
Tarix və coğrafiya fakültəsinin dekan müavini Osman Hacıyev qeyd etdi ki, bayrağımız tarixin keşməkeşli yollarından, illərin sınağından çıxaraq, müstəqillik uğrunda gedən mücadilələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyandı. Təbii ki, bayrağı bayraq edən də üstündəki qanıdır.
Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri  Teymur Aslanlı,  Tunar Əhmədzadə, İsmayıl Məmmədov, Türkan Yıldız,  Əliyar Rəfiyev və digərləri “Vətən bizdən başlayır” mövzusunda təşkil olunan tədbirin, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna rol oynadığını və  torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə inamını daha da artırdığını qeyd etdilər.
Tədbirdə İbrahim Qaniyev Bəxtiyar Vahabzadənin “Vətən marşı” şeirini, Nuranə Əlizadə və Akif Atazadə “Şəhid arzuları” mahnısını səsləndirdilər.
Sonda Azərbaycan ərazisində qədim dövrlərdən mövcud olan dövlət və xanlıqların bayraqlarını əks etdirən videoçarx  və ədəbi – bədii  kompozisiya nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az