Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Professorumuz Edinburq Universitetində keçirilən beynəlxalq konfransda onlayn çıxış etdi
Professorumuz Edinburq Universitetində keçirilən beynəlxalq konfransda onlayn çıxış etdi

Qadın və müharibə mövzusuna həsr edilən tədqiqatda, müəllif müharibə, itkilər və qaçqınlıq halları ilə üzləşən Azərbaycan qadınları haqqında söhbət açır
Azərbaycan xalqı öz uğurları, nailiyyətləri ilə həmişə xalqımıza başucalığı gətirmiş, onu mükəmməl biliyi, intellektual potensialı ilə şərəfləndirmişdir. Universitetimizin professoru, filologiya elmləri doktoru Nigar İsgəndərovanın məruzəsi İngiltərənin Edinburq Universitetində “İnternational Conference on Gender Studies and the Status of Women” adlı beynəlxalq konfransda  dinlənildi.  Konfransda ABŞ, Portuqaliya, İspaniya, Böyük Britaniya, Türkiyə, Finlandiya, Hindistan, Belçika, Avstraliya, Kanada, Yaponiya, Çin, Cənubi Afrika və digər ölkələri təmsil edən tədqiqatçılar iştirak etdilər.  Öz məruzələrini təqdim etmək, yeni əlaqələr yaratmaq və dünyada qadınlara, qızlara dəstək olmaq üçün beynəlxalq şəbəkənin yaradılmasını qarşısına məqsəd qoyan bu konfransa elmi müəssisələrdə, sənaye və dövlət qurumlarında fəaliyyət göstərən tədqiqatçılar toplaşmışdır. Beynəlxalq forumda iştirakçılar cəmiyyətdə qadınların problemləri və elmin bir sahəsinə çevrilmiş gender tədqiqatlarının mühüm nəticələrini müzakirə etmişlər. Məruzə mövzuları müasir dövrümüzün tələblərinə cavab verən, aktual problemlər idi: feminizmin inkişaf tarixi və dəyərləri, inkişafda olan ölkələrin elmi akademiyalarında və təhsil müəssisələrində qadınlara dəstək proqramı, bədii və publisistik əsərlərdə gender problemləri, şərq ölkələrində islam feminizmi, ərəb ölkələrində əmək hüququnun Avropa və ABŞ-ın müvafiq sənədləri ilə müqayisəli təhlili, yaradıcı qadınların yaradıcılığı ilə bağlı sosial və psixoloji araşdırmalar, hətta, ABŞ prezidenti Donald Trampın qadınlara qarşı mübarizəsi, və s. bu kimi çoxsaylı mövzular konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır.
Məruzə müəllifləri konfransda canlı, stend(posters) və video çıxışlar vasitəsilə iştirak etdilər. Bu tipli beynəlxalq konfransların sərt göstərişi vardır. Əgər çıxış olmasa, onun müzakirəsi keçirilməsə, həmin məruzə konfrans materiallarında çap olunmur.Konfransa Nigar İsgəndərova“Women in the war: orientalist discourse” adlı məruzəsini Youtube vasitəsi ilə  təqdim etmişdir. Qadın və müharibə mövzusuna həsr edilən tədqiqatda, müəllif müharibənin qadın təbiətinə, fiziologiyasına və xasiyyətinə yad olduğunu, zorakılıq və terrorla dolu müasir dövrdə gender və ailə institutlarının hansı çətinliklərlə üzləşdiyi məqamları araşdırır və öz torpağımızda müharibə, itkilər və qaçqınlıq halları ilə üzləşən Azərbaycan qadınları haqqında söhbət açır. Bütün bu hadisələrin dünya və Azərbaycan ədəbiyyatında əks olunmasını Nigar xanım nümunələrlə nümayış etdirdi.İştirakçılardan rəylər və suallar müəllifə ünvanlandı və müəllif tərəfindən cavablandırıldı.Proqrama görə təyin olunmuş vaxtda prof. Nigar İsgəndərovanın çıxışı bölmə iclasında səsləndirilmişdir. Bütün bunlardan sonra məruzə konfransın materialları toplusunda da çap edilmişdir.
Nigar xanım bizimlə söhbətində bildirdi ki, belə təcrübədən bizim konfranslarda da istifadə etmək elmi-tədqiqat araşdırmalarının keyfiyyətinə və müəlliflərin xeyrinə olardı.Biz, Sumqayıt Dövlət Universitetinin kollektivi olaraq, Nigar xanıma elmi fəaliyyətində uğurlar arzu edirik.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az