Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Firudin Məmmədovla vida mərasimi keçirildi
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Firudin Məmmədovla vida mərasimi keçirildi
İyunun 9-da  Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında Fizika və elektroenergetika fakültəsinin Elektromexanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Firudin İbrahim oğlu Məmmədovla vida mərasimi keçirildi.
Vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri və digər şəxslər iştirak etdilər.
Qeyd edək ki,  respublikanın tanınmış alimi, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Firudin İbrahim oğlu Məmmədov iyunun 8-də ömrünün 81-ci ilində vəfat etmişdir. Firudin Məmmədov Azərbaycanda informatika və energetika  elminin inkişafında mühüm xidmətlər göstərmişdir. Onun uzun bir dövrü əhatə edən səmərəli elmi fəaliyyətinin başlıca istiqamətini müxtəlif texnoloji proseslərdə məlumat-ölçmə sistemləri, çoxölçülü vericilərin öyrənilməsi təşkil etmişdir. Alimin apardığı fundamental tədqiqatlardan əldə olunan mühüm nəticələr mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir. Firudin Məmmədov elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə daim ahəngdar şəkildə əlaqələndirmiş və Azərbaycanın bir sıra ali təhsil ocaqlarında yüksəkixtisaslı kadrların yetişdirilməsində fəal iştirak etmişdir. O, nüfuzlu beynəlxalq elmi simpozium, forum və konfranslardakı çıxışları ilə Azərbaycan elmini ölkənin hüdudlarından kənarda da layiqincə təmsil etmişdir. Firudin Məmmədov respublikamızda və xaricdə nəşr edilmiş 250-dən artıq elmi əsərin, 10-dək dərs vəsaiti və monoqrafiyanın, 30-dan çox ixtiranın müəllifidir. Alimin rəhbərliyi ilə 10-dan çox fəlsəfə doktoru hazırlanmışdır. Professor Firudin Məmmədovun elmi fəaliyyəti lazımınca qiymətləndirilmişdir. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə o, müxtəlif fəxri ad və medallara, o cümlədən 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Matəm tədbirini  universitetin rektoru professor Elxan Hüseynov açaraq görkəmli alim Firudin Məmmədovun səmərəli elmi fəaliyyətindən, fizika elminin inkişafına verdiyi töhfələrdən və onun yüksək mənəvi keyfiyyətlərindən danışdı. Bildirdi ki, ömrünün böyük hissəsini SDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən qocaman alim, gözəl pedaqoq və səmimi insan Firudin müəllimin əziz xatirəsi yetirmələrinin, onu tanıyanların qəlbində daim yaşayacaqdır. Rektor çıxışında fiziklərin yetişməsində müstəsna xidmətləri olan Firudin Məmmədovun tələbələrin sevimlisinə çevrildiyini vurğuladı və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verdi.
Mərasimdə  Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının  müavini,  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Teymur Səmədov,  Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova, universitetin Ağsaqqallar şurasının sədri professor Həsən Sadıqov, dosent Rəna Dadaşova, professor Nadir Kazımov çıxış edərək bildirdilər ki, Firudin Məmmədov Azərbaycan elmində özünəməxsus yeri olan alim idi. Alimin rəhbərliyi altında onlarla fəlsəfə və elmlər doktoru yetişib. Bu gün yetişdirdiyi böyük alim ordusu elmin keşiyində ləyaqətlə duraraq onun irsini uğurla davam etdirirlər. Natiqlər onun adının elm, təhsil tarixinə qızıl hərflərlə yazıldığını vurğuladılar.
Mərhumun ailəsi adından çıxış edən oğlu professor  Cavanşir Məmmədov alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə universitetin rektoru professor Elxan Hüseynova, professor-müəllim və tələbə  heyətinə dərin minnətdarlığını bildirdi.
Sonra tanınmış alimin cənazəsi son mənzilə yola salındı. Mərhumun ailə üzvləri və doğmaları onunla vidalaşdılar. 
Professor Firudin İbrahim oğlu Məmmədovun əziz xatirəsi Sumqayıt Dövlət Universitetinin qəlbində daima yaşayacaqdır. Allah rəhmət eləsin!

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az