Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İndoneziyanın Azərbaycandakı səfiri universitetdə oldu
İndoneziyanın Azərbaycandakı səfiri universitetdə oldu
Prezident cənab İlham Əliyevin   2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan etməsi ilə bütün İslam ölkələrini bir araya gətirdi, İslam aləmində qazandığı yüksək etimadla bir daha  sübut etdi ki, xalqların, dövlətlərin, cəmiyyətlərin inamını qazanmağın yeganə meyarı səmimiyyətdir. Azərbaycan İslam həmrəyliyinə olan bu səmimi niyyəti ilə hər cür xırda maraqların fövqünə ucalmağı bacardı. Müsəlman dünyasında indiyə qədər də kifayət qədər güclü olan mövqelərini daha da möhkəmləndirdi. Bu məqsədlə bir sıra İslam ölkələrinin nümayəndələri ölkəmizdəki ali məktəblərdə görüşlər keçirir, ikitərəfli əlaqələrini genişləndirir. Mayın 31-də İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananie Sumqayıt  Dövlət Universitetində professor-müəllim və tələbə  heyəti ilə görüşdü.      
Rektor prof. Elxan Hüseynov qonağı salamlayaraq onu universitetdə görməkdən məmnunluğunu ifadə etdi, Azərbaycan və İndoneziya arasında əlaqələrin iqtisadi-ticarət, turizm və təhsil sahələrində inkişafından söz açdı. Rektor SDU-nun yaranma tarixi, fəaliyyət istiqamətləri  və beynəlxalq əlaqələrindən bəhs etdi. Bildirdi ki, SDU dünyanın bir çox aparıcı ali təhsil müəssisələri, həmçinin beynəlxalq şirkət və qurumları ilə əməkdaşlıq edir. Azərbaycan və İndoneziya arasında dostluq və qardaşlıq münasibətlərinin gündən-günə inkişaf etdiyini qeyd edən rektor  bu əlaqələrin gələcəkdə uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu  əməkdaşlıq etdiyini də diqqətə çatdırdı. Prof. Elxan Hüseynov bu ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunmasının əhəmiyyətindən və aktuallığından danışaraq qeyd etdi ki, Prezident cənab İlham Əliyevin  2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan etməsi  İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyinin bariz göstəricisidir. Qədim tarixə, zəngin mədəni irsə, böyük təbii və insan resurslarına malik İslam aləmi müasir dünya nizamının, beynəlxalq münasibətlər sisteminin yaranması və inkişafında əhəmiyyətli rol oynamışdır. İslam dini həmişə sülh, tolerantlıq, humanizm ideyalarını təlqin etmiş və dünya sivilizasiyasına sanballı töhfələr vermişdir. Bu gün Müsəlman dünyasının mühüm tərkib hissəsi olan Azərbaycan İslam mədəni irsinin yaranması və qorunub saxlanmasında önəmli məkanlardan biri kimi tanınır. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı kimi deyil, eyni zamanda  bütün İslam dünyasının birlik, həmrəylik günləri kimi tarixə yazıldı.
Rektor  çıxışının sonunda bugünkü görüşün SDU ilə İndoneziyanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafının hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinə yol açacağını bildirdi.
İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie səmimi qəbula görə rektora  və universitetin kollektivinə təşəkkür etdi və İndoneziya haqqında ümumi məlumat verdi. Xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını vurğulayan səfir ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini diqqətə çatdırdı. Husnan Bey Fananie keçirilən İslam Həmrəylik Oyunlarının əhəmiyyətini də qeyd etdi.
Görüşdə o cümlədən gələcək əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Daha sonra səfirin universitetin tələbələri ilə görüşü baş tutdu. "İndoneziyanın iqtisadiyyatının inkişafı" mövzusunda çıxış edən səfir tələbələrlə görüşməkdən məmnunluğunu ifadə etdi. Azərbaycanın onun üçün doğma ölkə olduğunu bildirdi. Tələbələrə İndoneziya haqqında məlumat verən səfir H.Fananie onun böyük ada dövləti olduğunu, əhalisinin sayına görə Çin Xalq Respublikası, Hindistan və ABŞ-dan sonra dördüncü yeri tutduğunu qeyd etdi. İndoneziyanın zəngin və qədim tarixə malik olduğunu söyləyən H.Fananie ölkənin 1945-ci ildə müstəqillik əldə etdiyini iştirakçıların nəzərinə çatdırdı. İndoneziyanın əhalisinin böyük əksəriyyətinin müsəlmanlardan ibarət olduğunu bildirən səfir ölkəsinin mədəniyyəti, iqtisadiyyatı, təhsili haqqında da ətraflı məlumat verdi.
Səfir Husnan Bey Fananie sonda tələbələri maraqlandıran sualları cavablandırdı. İndoneziya səfirinin pianodakı ifası da maraqla qarşılandı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az