Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
Sumqayıt Dövlət Universitetində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

Sumqayıt Dövlət Universitetində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
Yanvarın 19-da Sumqayıt Dövlət Universitetində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
Əvvəlcə universitetin foyesində kitabxananın əməkdaşlarının təşkil etdiyi kitab sərgisinə baxış oldu.
20 Yanvar məzun şəhidlərinin universitetin həyətindəki abidəsi önünə tər güllər düzüldü. Anım mərasimində ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elxan Hüseynov faciənin mahiyyətindən danışdı və bildirdi ki, bu faciə Azərbaycanın və bütövlükdə türk dünyasının faciəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya girərək dinc əhaliyə qarşı qəddarlıqlar törətmişdir. O, müdhiş gecədə əliyalın insanlara, o cümlədən uşaqlara və qocalara divan tutulmuş, günahsız qanlar axıdılmışdır. Faciə nəticəsində 137 mülki şəxs qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. 20 Yanvar faciəsi başda M.Qorbaçov olmaqla, ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha sübut etdi. Hadisədən dərhal sonra xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın əsl niyyətlərini bütün dünyaya bəyan etdi. Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra bu qanlı aksiyaya siyasi-hüquqi qiymət verildi. İyirmi beş il əvvəl ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Zaman keçsə də, əsrlər ötsə də 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir.
Rektor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1990-cı il yanvar ayında faciəli hadisələr zamanı Azərbaycan Respublikasının azadlığı, suverenliyi uğrunda həlak olanların əziz xatirəsinin daim yad edildiyini bildirdi. Qeyd etdi ki, Prezident cənab İlham Əliyev şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə 19 yanvar 2006-cı il tarixdə müvafiq Fərman imzalamışdır. Həmin Fərmanla 1990-cı il yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə ayda 300 manat məbləğində " "20 Yanvar" şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabanında əsaslı yenidənqurma və təmir işləri də aparılmışdır.
Tədbirdə çıxış edən Tarix və Coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev qeyd etdi ki, 20 Yanvar günü xalqımızın milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin, mübarizəsinin şanlı səhifəsidir. Təpədən dırnağa qədər silahlanmış imperiya ordusunun cəza tədbirləri millətimizin haqq səsini boğa bilmədi. Əksinə, yumruq kimi birləşən xalqımız öz etirazını, nifrətini daha ucadan bəyan etdi.
Filologiya fakültəsinin əməkdaşı Xalidə Quliyeva 20 Yanvar hadisələri və xalqımızın başına gətirilmiş faciələr haqqında o həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətlərini xüsusi vurğuladı.
Şəhid Adıyev Həmzənin bacısı  bu gün Prezident İlham Əliyevin müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyduğunu söylədi. Vurğuladı ki, şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.
O da qeyd olundu ki, Azərbaycan dövləti və xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcək.
Sonda Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov şəhid ailələrini qəbul etdi. Onların maddi-mənəvi problemləri ilə maraqlandı, söhbət zamanı şəhid Fuad Əhmədovun valideynlərinin xahişini dinlədi və yerindəcə həll edilməsi üçün göstəriş verdi. Qəbulda iştirak edən şəhid ailələrinə maddi yardım göstərildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az