Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycan xalqının birliyinin, bütövlüyünün, qələbəyə inam hissinin rəmzi olan Aprel hadisələri qürurla qeyd edildi
Azərbaycan xalqının birliyinin, bütövlüyünün, qələbəyə inam hissinin rəmzi olan Aprel hadisələri qürurla qeyd edildi

 Aprelin 4-də Sumqayıt Dövlət Universitetində ötən ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin cəbhədə törətdikləri təxribat nəticəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə universitetin rektoru professor Elxan Hüseynov bildirdi ki, Aprel döyüşlərindən bir il keçir. Amma o günlər hər birimizin xatirində silinməz izlər buraxıb. Erməni təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimiz hər yerdə xalq sevgisi, məhəbbəti ilə son mənzilə yola salındı.Həmin günlər xalqımız bir daha ordumuzun qüdrətinin şahidi oldu. Əllərində Azərbaycan bayrağı dalğalandıran, dillərində: “Şəhidlər ölməz, Vətən bölünməz”, - şüarını böyük coşqu ilə səsləndirən gəncləri gördükcə qürur hissi keçirirdik. O günlərdə müxtəlif bölgələrdə minlərlə gəncin hərbi səfərbərlik məntəqələrinə üz tutub, döyüşə getmək istədiklərini, elə universitetimizdə keçirilən izdihamlı mitinqdəki gənclərin çıxışları  vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu göstərdi. Aprel döyüşləri və orada işlədilən silahlar sübut etdi ki, Azərbaycan nəinki müharibəyə tam hazırdır, hətta onu qısa vaxtda qalibiyyətlə başa çatdırmaq imkanındadır! Rektor onu da vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə keçirilən görüşdə qeyd etdi ki,  Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir. Ölkə başçısı onu da vurğulamışdır ki, Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Çünki Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. İnanıram ki, Cocuq Mərcanlıdan başlanmış Böyük qayıdış tezliklə Xankəndinə, Şuşaya, Laçına və bütövlükdə itirilmiş torpaqlarımıza gəlib çatacaq.
Rektor onu da diqqətə çatdırdı ki, aprelin 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşdü. Görüşdə Mehriban xanım Əliyevanın iştirakı ilə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olundu. Birinci vitse-prezident vurğuladı ki, Aprel hadisələri Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan xalqının birliyini göstərdi.  
İnanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək güclü ordumuzun şücaəti sayəsində  tezliklə ərazi bütövlüyümüzü bərpa edəcəyik!
Rektor onu da diqqətə çatdırdı ki, aprel döyüşlərində universitetimizin Fizika və elektroenergetika fakültəsinin 2015-ci il məzunu, 1993-cü il təvəllüdlü Mikayıl Vahabov torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən  döyüşlərdə qəhrəmancasına şəhid oldu. Şəhidlər bizim həm nisgilimiz, həm də qürurumuzdur. Aprel hadisələri Azərbaycan xalqının birliyinin, bütövlüyünün, qələbəyə inam hissinin rəmzidir.
Tarix və coğrafiya fakültəsinin II kurs tələbələri Tunar Əhmədzadə, Gülay Nəcəfzadə çıxış edərək bildirdilər ki, əsrlərdir bu torpaqlarda azadlıq üçün mübarizə aparan bir xalqıq, təkcə XX əsrdə iki dəfə imperiyaya qalib gəlib azadlıq əldə etmişik. Bütün bunlar tariximizin xalqın qəlbində yaşamasının səbəbidir. Xalqımız mübarizliyi ilə bütün dünyaya nümunədir. Bizlər üçün Vətən, Millət, Bayraq və Dövlət canımızdan üstündür. Bu əvvəldə belə olub, indi də belədir, bundan sonra da belə olacaqdır. Aprel döyüşlərində xalqımız şəhidlərini böyük izdihamla dəfn etmiş və səsləndirdikləri şüarlarla dövlətimizin yanında olduqlarını göstərmişdir. Torpağı Vətən edən onun altında yatan əzizlərimizdir. Azərbaycan gəncləri öz şücaəti və mərdliyi ilə seçilərək Şəhidlik zirvəsinə yüksəldilər. Elə universitetimizin şəhid məzunu Mikayıl Vahabov da bizə örnəkdir.O, bizim qürurumuz və fəxrimizdir. 
Qarabağ müharibəsi iştirakçısı Bilal Məmmədov aprel hadisələrində düşmən təxribatı zamanı Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlar, ordumuzun inamlı qələbəsindən söhbət açdı. Bildirdi ki, hər birimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırıq. Aprel döyüşləri ordu-xalq birliyini bir daha bariz şəkildə  nümayiş etdirdi.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev çıxış edərək qeyd etdi ki, Şəhidlərimizin xatirəsi bizim qəlbimizdə, Azərbaycan xalqının ürəyində daim yaşayacaq. Professor gənclərə üzünü tutaraq vurğuladı ki, bu gün biz vahid amal ətrafında birləşərək  ölkəmizi daha da gücləndirməli, müstəqilliyimizi daha da möhkəmləndirməliyik ki, öz ərazi bütövlüyümüzü bərpa edək. Mən əminəm ki, sizin kimi igid oğul və qızlarımızın sayəsində buna nail olacağıq.
Sonda  aprel döyüşlərinin şəhidlərinə həsr edilmiş video-çarx nümayiş olundu və tələbələrin hazırladıqları ədəbi-bədii kompazisiya ilə tədbir davam etdirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az