Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kosmonavtikanın banisi
Kosmonavtikanın banisi

 Ramazan Məmmədov: Sergey Korolyov ballistik və geofizik raketlərin yaradıcısıdır
Tədrisin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq təhsil məkanına inteqrasiyası məqsədi ilə universitetimiz dünyanın bir çox təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrini genişləndirir. Bu əlaqələr ortaq elmi proqramların və konfransların keçirilməsinə, müəllim-tələbə mübadilələrinin həyata gerçəkləşməsinə müsbət təsir göstərir.  Əməkdaşlıq  əlaqələrinin davamı olaraq  fevralın 27-də Rusiya informasiya-mədəniyyət mərkəzi ilə “Alimlər-uşaqlar” layihəsi çərçivəsində Sergey Korolyovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirildi.  Universitetin professor-müəllim və tələbə heyəti ilə yanaşı, AMEA-nın N. Tusi adına Şamaxı astrofizika rəsədxanasının alimlərinin qatıldığı tədbirdə rusdilli təhsil müəsissələrinin Assosasiyasının sədri  Lyubov Yakunina və  AMEA-nın N. Tusi adına Şamaxı astrofizika rəsədxanasının şöbə müdiri Paşa Əhmədov da iştirak etdilər.
Tədbiri giriş sözü ilə  universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq qonaqları salamladı, Sovet kosmonavtikasının banisi, ballistik və geofizik raketlərin yaradıcısı olan Sergey Korolyovun kosmonavtikanın inkişafındakı xidmətlərindən danışdı. Prorektor  dünya ölkələrində ilk dəfə olaraq kosmosa çıxarılan ilk və müstəqil süni peyk olan Sputnik-1 haqqında məlumat verərək qeyd etdi ki,  1957-ci il 4 oktyabrda "Sputnik-1" adlı peyk Yerin ilk süni peyki SSRİ tərəfindən orbitə buraxılmışdır. Həmin tarixi gün bəşəriyyətin kosmik erasının başlanğıcı sayılır, Hal-hazırda isə Rusiyada Kosmik Qüvvələr günü kimi qeyd olunur. Süni peykin yaradılmasında praktiki kosmonavtikanın banisi sayılan Sergey Korolyov başda olmaqla, Keldış, Lidorenko, Tixonravov və başqa tanınmış alimlər iştirak etmişlər. Professor Ramazan Məmmədov kosmosun öyrənilməsinə böyük töhfələr verən  Sergey Korolyovun bu gün də ehtiramla yad edildiyini diqqətə çatdırdı. 
Tədbirdə Rusiya informasiya-mədəniyyət mərkəzinin Bakıdakı təhsil proqramları üzrə koordinatoru Natiq Əliyev, N.Tusi adına Şamaxı astrofiziki absorvatoriyasının planet və kiçik göy cisimlər şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri namizədi Atai Ədalət, həmin şöbənin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Dimitri Şestopalov, Azərbaycan Respublikası  Təhsil İnstitutunun   İnsan Pedaqoqikası Mərkəzinin direktoru Riza Xəlilov Sergey Korolyovun həyat və fəaliyyəti haqqında slayd vasitəsi ilə çıxış etdilər. Bildirdilər ki, Sergey Korolyovun rəhbərliyi altında OKB-1-də kosmik uçuşlar üçün raketlər və gəmilər hazırlanırdı. Onun layihələndirdiyi ilk raketlərdən olan "Soyuz" bu gün də tətbiq olunmaqdadır. Tədbirdə o da  vurğulandı ki, Korolyovun ən böyük nailiyyətlərindən R-7 raketi və ilk Sputnik-1-in buraxılışı  olmaqla yanaşı dünyada ilk dəfə insanınYuri Qaqarinin (1961) kosmosa göndərilməsində önəmli rolu olmuşdur. Natiqlər onu da diqqətə çatdırdılar ki, SSRİ adlı bir imperiyanın kosmosun fəthi uğrunda həyata keçirdiyi qlobal layihələrə rəhbərlik edən iki məsul şəxsdən biri Sergey Korolyov, digəri isə həmyerlimiz alim-konstruktor, SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri general-leytenant, kosmonavtikanın inkişafında əvəzsiz xidmətləri olmuş Kərim Kərimovdur. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu az olmamışdır. Nəticədə ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunmuşdur. 1945-ci ildə böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Həmin ildə o, Ümumi Maşınqayırma Nazirliyinə ezam olunmuşdur.Yeni yaradılan bu nazirlik kosmik sənayenin bütün müəssisələrini özündə birləşdirirdi. Lakin K.Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor S.P.Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olmuşdur. Kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən məhz Kərim Kərimov idi. 1967-ci ildə «Soyuz» kosmik gəmilərinin birinci avtomatik birləşməsinin uğurla həyata keçirilməsi münasibəti ilə K.Kərimova general-leytenant rütbəsi verildi.1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdur. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medallarla təltif olunmuşdur. Onun ulu öndər Heydər Əliyev tərəfindən Elmi və hərbi vətənpərvərlik fəaliyyəti sahəsində böyük xidmətlərinə görə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edildiyi də bildirildi. 
Universitetin Yarımkeçiricilər fizikası kafedrasının müdiri professor Məhəmmədəli Zərbəliyev çıxış edərək qeyd etdi ki, Azərbaycan və azərbaycan alimləri sovet kosmonavtikasının yaranmasında və inkişafında çox mühüm rol oynamışlar. 1945 – ci ildə faşist almaniyası üzərində qələbədən sonra sovetlər və amerikanlar Almaniyanın bütün raket istehsalı ilə məşğul olan zavodlarının avadanlıqlarını və kadr potensialını zəbt edib, öz ölkələrinə göndərməyə başladılar. Bu məqsədlə Sovet İttifaqından Almaniyaya ezam olunan hərbçilər arasında S. P. Korolyov və Azərbaycanlı hərbi mühəndis Kərim Abbasəli oğlu Kərimov da var idi. K. Kərimovun xatirələrinə görə fon Braunun müavini konstruktor Qretrub da daxil olmaqla böyük sayda alman mütəxəssısləri və 20- yə yaxın “ФАУ-2” raketləri SSRİ – yə gətirildi.Məhz onlar əsasında 18 oktyabr 1947 – ci ildə ilk sovet ballistik raketinin startı baş tutdu. Daha sonralar baş konstruktor S. P. Korolyovun rəhbərliyi altında bu sistemlər təkmilləşdirilərək nüvə bombaları daşımaq məqsədi ilə qitələrarası ballastik raketləri , “Vosxod” və “Soyuz” raketsistemləri işlənib hazırlandı,4 avqust 1957 – ci ildə Yerin ilk süni peyki, 12 aprel 1961 – ci ildə isə ilk kosmonavt Yuri Qaqarinin kosmosa uçuşu həyata keçirildi.
Tədbirdə Sovet kosmonavtikasının banisi  Sergey Korolyov haqqında tələbələri maraqlandıran suallar cavablandırıldı. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az