Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Sabahın alimləri” VI Respublika müsabiqəsinə yekun vuruldu
“Sabahın alimləri” VI Respublika müsabiqəsinə yekun vuruldu
Mikayıl Cabbarov: “Sabahın alimləri” müsabiqəsində iştirak edən şagirdlərin sayı ildən-ilə artır
Fevralın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Sabahın alimləri” VI Respublika müsabiqəsinin açılış mərasimi keçirildi.Təhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi  və “İntel” şirkəti tərəfindən birgə təşkil olunan müsabiqədə ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak etdilər. Müsabiqənin təşkilinin əsas məqsədi şagirdlərə tədqiqat aparmaq, elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından ABŞ-da hər il keçirilən Intel ISEF-Intel - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. 
Tədbirdə təhsil naziri cənab Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğuladı.Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən nazir ölkəmizdə təhsil sahəsində aparılan islahatların gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönümlü fəaliyyətə cəlb edilmələrinə istiqamətləndiyini diqqətə çatdırdı. Cənab Mikayıl Cabbarov qeyd etdi ki, ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş 158 məzundan 38-i son dörd ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları oldu. Hazırda onlar Azərbaycanın və xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alırlar. Nazir “Sabahın alimləri” müsabiqəsinə böyük maraq göstərildiyini, iştirakçı şagirdlərin sayının ildən-ilə artdığını bildirdi.    
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin elm, təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs etdi, respublikamızda bu sahənin inkişafı üçün geniş imkanlar yaradıldığını diqqətə çatdırdı.“Sabahın alimləri” müsabiqəsinin əhəmiyyətini vurğulayan akademik şagirdləri təhsildə yüksək nailiyyətlər qazanmağa çağırdı. 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev müsabiqənin elmin, təhsilin inkişafında töhfələri ilə bağlı fikirlərini bölüşərək məktəblilərə uğurlar arzuladılar.
Şagirdlərə dəstək məqsədi ilə tədbirdə müvafiq qurumların nümayəndələri, təhsil işçiləri iştirak etdilər. O cümlədən SDU-nun rektoru professor Elxan Hüseynov Sumqayıt şəhər ümumtəhsil müəssisələrinin IX-XI siniflərdə təhsil alan şagirdlərə dəstək olduğunu bildirdi. Qeyd etdi ki, Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi böyük imkanlar açır. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin söylədiyi “ Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir. Dərin elmi biliklərə malik gənclərin yetişdirilməsi günümüzün tələbidir. Məktəblilərin elmi fəaliyyətə cəlb olunmasında, xarici dillərin öyrənilməsinə sövq edilməsində, yeni texnologiyalardan istifadə bacarıqlarının aşılanmasında “Sabahın alimləri” kimi intellektual müsabiqələrdə iştirak xüsusi əhəmiyyət kəsb edir. Bu müsabiqə ölkəmizin təhsil sahəsində ən əlamətdar hadisə olduğunu qeyd edən rektor bildirdi ki,  universitetimizin Fizika və elektroenergetika fakültəsinin dosenti Samir Orucov  Sumqayıt şəhər şagirdlərinə rəhbərlik edərək müsabiqə iştirakçılarına İntel İSEF haqqında və “İxtiraçılıq qabiliyyətin inkişaf etdirmə metodları” mövzusunda mütəmadi olaraq SDU-da seminarlar təşkil etmiş, seçilmiş şagirdlər universitetimizin professor-müəllim heyəti ilə birgə  müəyyən olunmuş ixtisaslar üzrə öz elmi layihələrini hazırlamış və bunun nəticəsi olaraq “Sabahın alimləri” VI Respublika müsabiqəsində 42 şagird iştirak etmişdir. Sevindirici haldır ki, bu ildən  universitetimizin dosenti Samir Orucov həm də Respublika üzrə “Sabahın alimləri” müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri seçilmişdir. “Sabahın alimləri”  müsabiqəsinin təşkilatçılarına minnətdalığını bildirir, müsabiqə iştirakçılarına uğurlar arzuladı. İnanıram ki, müsabiqənin qalibləri elmimizin daha da inkişaf etdirilməsinə öz töhfələrini verəcəklər.
Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucov  Prezident cənab İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizdə hər bir sahədə olduğu kimi elm və təhsilin  inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırdı. Bildirdi ki, “Sabahın alimləri” müsabiqəsində ölkəmizin 13 şəhər və rayonunun ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri 125 elmi layihə ilə iştirak etdilər. Onlardan 77-si kollektiv, 48-i isə fərdi layihədir. Səkkiz kateqoriya üzrə keçirilən müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşdirildi. Müsabiqədə qalib gələn Sumqayıt şəhər şagirdlərindən İstedad  liseyinin şagirdi Fidan Həsənova   2-ci yeri, TTE  liseyinin şagirdləri Rəhim Abbasov, Zamin Adıgözəlov, Qoşqar Musaxanlı  2-ci yerləri, İstedad  liseyinin şagirdləri Aydan Tanrıverdiyeva, Çimnaz İsmayılova 3-cü yerləri tutaraq gümüş və bürünc medallarla təltif olundular. TET gimnaziyanın şagirdi  Ramilə Muradova - «Vitro biologiya cəmiyyəti», Təfəkkür liseyinin şagirdi Rəcəb Osmanlı - «Alfa Beta Riyaziyyat Cəmiyyəti», 9 saylı məktəbin şagirdi Şəbnəm Cüməliyeva - «Alfa Beta Riyaziyyat Cəmiyyəti», 11 saylı məktəbin şagirdi Şirvani Orucov - «ASM Materialşünaslıq Elmləri Fondu», TET gimnaziyanın şagirdi Ləman Əlipaşayeva -«ASM Materialşünaslıq Elmləri Fondu», İstedad  liseyinin şagirdi Fidan Həsənova - «Amerika Meteorologiya Cəmiyyəti» tərəfindən  Amerika Birləşmiş Ştatlarının cəmiyyət və fondlarının xüsusi mükafatlarına layiq görüldülər. 
Sonda qaliblərə pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az