Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd edildi
SDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd edildi

Dekabrın 28-də Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə geniş tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları foyedə tələbələrin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə  SDU-nun rektoru, professor Elxan Hüseynov açaraq  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə bütün kollektivi təbrik etdi və çıxışında Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdir. O, dünya azərbaycanlılarının həmrəyliyi ideyasının artıq təşəbbüsdən əməli işə çevrildiyini, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırıldığını, soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün mühüm amil olduğunu diqqətə çatdırdı. Rektor onu da vurğuladı ki, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması milli diasporun formalaşmasında, xarici ölkələrdə Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri oldu. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra, milli birliyə nail olundu, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu.Ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir. Belə ki, yola saldığımız 2016-cı il də Azərbaycanın həyatında bir sıra uğurları ilə yadda qaldı.Əminliklə demək olar ki, qarşıdakı illər Azərbaycan üçün daha uğurlu və böyük nailiyyətlərlə dolu olacaqdır.
Tədbir mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam etdi. Respublikamızın tanınmış sənətçiləri Səlim Abbasov, Könül Kərimova, Cabbar Musayev, Nazənin, Pərvin Lətifov və universitetin “Səma” rəqs qrupu maraqlı konsert proqramı ilə çıxış edərək 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə kollektivi təbrik etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az