Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun filoloqu Türkiyədə “Mövlanə Mübadilə Proqramı”nda iştirak etdi
SDU-nun filoloqu Türkiyədə “Mövlanə Mübadilə Proqramı”nda iştirak etdi

Bu gün Sumqayıt Dövlət Universiteti öz kadr potensialının əldə etdiyi  nailiyyətlərlə yüksələn pillələrlə addımlayır. Rusiya və dünyanın bir sıra nüfuzlu universitetləri ilə əməkdaşlığı, universitetlər arasında tələbə və müəllim təcrübələrinin mübadiləsi də belə uğurların görünən tərəflərindəndir. Universitetimizin beynəlxalq əməkdaşlıq sahəsində atdığı növbəti uğurlu addımlardan biri də “Mövlanə Mübadilə Proqramı”na qoşulmasıdır. Bununla da  tədris və elm mərkəzimiz  Türk dünyasına qovuşmuş oldu. Qeyd edək ki, Türkiyənin daxili və xarici təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirən “Mevlana Değişim Proqramı” çərçivəsində Sumqayıt Dövlət Universiteti ilə Türkiyənin Adıyaman, Çankırı  Karatekin Universiteti, Nevşehir Hacı Bektaş Veli Universiteti, Necmettin  Erbakan Universiteti, Sakarya Universiteti, Adnan Menderes Universiteti arasında mübadilə protokolları imzalanmışdır. Protokollar çərçivəsində SDU-nun Azərbaycan dili və dilçilik kafedrasının baş müəllimi Ceyhunə Hüseynova proqramda iştirak etmək hüququ qazanaraq Adnan Menderes Universitetində təcrübə mübadiləsinə dəvət olunmuşdur. Seminarda  Ceyhunə Hüseynova Sumqayıt toponimi haqqında hazırladığı elektron material və universitetimizin tanıtım çarxını təqdim etmişdir. Həmçinin Fənn- Ədəbiyyat bölümündə tədris olunan bir çox dərslərdə dinləyici olmuş, Prof. Dr. Ahmet Nahmedov, Doç. Dr. Hasan Gültekin, Doç. Dr. Yasemin Mumcu və digər müəllimlərin mühazirələrində  iştirak etmişdir. Daha sonra Prof. Dr. Ahmet Nahmedov mühazirələrini Ceyhunə Hüseynovayla bölüşmüş, əməkdaşımız  “ Türk dillərində şəxs adlarının linqvistik xüsusiyyətləri” və “Toponimlərin türk arealı” mövzusunda dərslər vermişdir. Ceyhunə Hüseynova Adnan Menderes Universitetində  keçirilən tədbirdə  iştirak etmiş, universitetin rektoru,  Prof. Dr. Cavit Bircanla görüşərək universitetimizin bayrağını ona təqdim etmiş və təmsil etdiyi universitetin fəaliyyət istiqamətləri haqqında məlumat vermişdir.
Əməkdaşımız səfər çərçivəsində “Toponimlərin Azərbaycan  və  Aydın paralelliyi” mövzusunda kiçik araşdırma aparmaq  məqsədilə “Tralleis”, “Efes” antik kəndlərinə səyahət etmiş, “Üç göz”, Quş adasında “Gövercin kalesi”  və  “Karvansaray” kimi tarixi abidələrdə olmuşdur. Həmçinin Adnan Menderes Universitetinin Beynəlxalq şöbə əməkdaşları ilə universitetlərarası  “Erasmus” və “Mevlana” proqramlarının genişləndirilməsi mövzusunda müzakirələrə qatılmış,  birgə tədqiqatlar aparmaq məqsədi ilə “Erasmus” proqramlarının “ K-107” projesini gerçəkləşdirmək təklifini universitetimizə gətirmişdir. Ceyhunə Hüseynova Adnan Menderes Universitetinin Mevlana Kurum Koordinatoru Prof. Dr. Talip Kabadayı tərəfindən təqdim olunmuş sertifikatla vətənə dönmüşdür.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az