Noyabrın 7-də  Sumqayıt Dövlət Universitetində “Dövlət Bayrağı Günü” və  “Konstitusiya günü” qeyd olundu.
  Dövlət himninin  səsləndirilməsindən sonra tədbiri Sumqayıt Dövlət Universitetinin Humanitar  məsələr üzrə prorektoru, dosent Nizami Namazov  açaraq qeyd etdi ki, Azərbaycan  Respublikasının dövlət bayramları sırasına əlamətdar günlərdən – 9 noyabr  -Dövlət Bayrağı Günü və 12 noyabr Konstitusiya günü də daxil olmuşdur. Bu  bayram günləri münasibəti ilə sizi təbrik edirəm.
  Azərbaycan dövlət bayrağının tarixinə qısa  nəzər salan prorektor  qeyd etdi ki,  müstəqilliyimizin  əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı  1918-ci il 9 noyabr tarixində yaradılmışdır. Sovet imperiyasının dağılmasından sonra  ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü  ilə  1990-cı il noyabrın 17-də üç rəngli  bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu.  Sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı elan edildi.  Cənab Prezident İlham Əliyevin apardığı daxili  və xarici siyasətin bariz nümunəsindən biri də  müstəqil Azərbaycanın bayrağının dünya  dövlətlərinin bayraqları sırasında dalğalanmasıdır. 
  Nizami  Namazov vurğuladı ki, ötən əsrin 90–cı illərində  dövlət təsisatlarının yaradılması,hüquqi və demokratik dövlət quruculuğu  bütün  zərurəti ilə gündəlikdə dururdu. Bunu isə xalqın iradəsini ifadə  edən Konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan  ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq  səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul olundu.  1994-cü ilin sonu, 1995-ci ilin əvvəllərində  Müstəqil Azərbaycan  Respublikasının  ilk Konstitusiyasının yaradılması ilə bağlı  məsələ  gündəmə cıxarıldı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə xüsusi    komissiya təşkil edildi. Konstitusiya komissiyasının sədri Prezident Heydər  Əliyevin rəhbərliyi ilə keçən  komissiyanın ilk iclasında  layihədə  ümumbəşəri dəyərlərin ,xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin  ciddi nəzərə alınması  bir vəzifə olaraq qarşıya qoyulmuşdur.  Birmənalı şəkildə  demək olar ki ,  layihənin müəllifi ümummilli lider Heydər Əliyev idi. Hər bir fəsil və maddənin  yazılmasına qədər gərgin əmək sərf edən ulu öndərin müəllifi olduğu bu layihə    1995-ci ilin noyabrın 12- də referendum yolu ilə qəbul edildi. 
  Prorektor  xüsusi olaraq qeyd  etdi ki, müstəqil  Azərbaycan Respublikasının əldə etdiyi bugünkü uğurlarının hüquqi  başlanğıcında  da  məhz Ümummilli Lider Heydər Əliyevin həyat verdiyi  Azərbaycanın ilk konstitusiyası  dayanır. 
  “Azərbaycan tarixi” kafedrasının müdiri,  dosent Əmirxan İsayevin “Azərbaycan Dövlətinin bayrağı onun mühüm  atributlarından biridir” adlı  məruzəsi  dinlənildi. Natiq bildirdi ki, bu gün Azərbaycan Respublikası üzərində  dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il  noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının  yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.
  Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX  əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini  təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli  Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədirsə, Sovet imperiyasının süqutundan  sonra ümummilli lider Heydər Əliyevin  ən  böyük tarixi xidmətlərindən biri də müstəqil   Azərbaycanın bayrağını əbədi və dönməz etməsidir. Ümummlilli liderin  siyasi kursunun layiqli davamçısı İlham Əliyev  2007-ci il noyabrın 17-də Bakıda Dövlət  Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət  Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. 2010-cu il  sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi  olmuşdur. 
  Bu gün Azərbaycan Bayrağı Meydanında ucaldılan  bayraq dünyada ən böyük və ən uca bayraq kimi Ginnesin rekordlar kitabına  düşmüşdür. Meydanda qurulmuş Azərbaycan Respublikasının Gerbi, Dövlət himninin  mətni və Dövlət Bayrağı Muzeyi Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha  da artırmış, onu baxımlı etmişdir. Mən inanıram ki, bizim hər birimizin qanı  bahasına qazandığımız müstəqiliyimiz əbədiyaşar olacaqdır.
SDU-nun  Baş hüquqşünası, “Fəlsəfə və hüquq” kafedrasının dosenti Əminə Həsənova “  Müstəqil Azərbaycanın Konstitusiyası Dövlətin ali qanunudur” mövzusunda çıxış  etdi. Əminə xanım vurğuladı ki, Ümummilli Lider ilk ali qanunu qəbul etməklə  Azərbaycan xalqına bütün cəmiyyətin və hər kəsin firavanlığını , azadlığını və  təhlükəsizliyinin bərqərar edilməsini arzuladı , keçmiş , indiki və gələcək  nəsillər qarşısında tarixi məsuliyyətini bəyan etdi. İlk Konstitusiyamız , eyni  zamanda  xalqımızın dünyəvi, milli – mənəvi prinsipləri rəhbər tutaraq  seçdiyi gələcək yolun ifadəsi idi. Zaman keçdikcə Əsas Qanuna əlavə və  dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik  inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır. 2002 –ci ildə   Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsinə yaranan ehtiyac da   məhz bütün sahələrdə nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Həmin il  ilk dəfə keçirilən Konstitusiya islahatlarından sonra respublikanın ictimai  –siyasi həyatında fundamental dəyişikliklər – iqtisadi ,siyasi ,hüquqi  islahatların dərinləşməsi , demokratikləşmə prosesinin sürətlənməsi və digər  pozitiv yeniliklər  Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və  dəyişiklikləri obyektiv tələbata çevirdi. 2009-cu il martın 18-də Əsas  Qanundakı əlavə dəyişikliklərə münasibəti öyrənən ümumxalq  səsverməsi   prezident İlham Əliyevin demokratikləşmə və liberallaşmaya xidmət edən, insan  hüquqlarının qorunmasında əlavə imkanlar açan siyasətinin xalq tərəfindən  birmənalı şəkildə dəstəkləndiyini  bir daha təsdiq etdi.
Mətbuat xidməti