Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Şəhid ölməz, Vətən bölünməz
Şəhid ölməz, Vətən bölünməz

Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir.
Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək agrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalq kölə kimi həyəcan içində yaşayar.
Sumqayıt Dövlət Universiteti hər zaman öz şəhidləri ilə fəxr edib,onlarla qürur duyur. Hələ Qanlı 20 Yanvar gecəsində canlarını Vətənə fəda edən igid tələblərimiz doğma Azərbaycanımızın müstəqilliyinə öz qanları ilə imza ataraq, müqəddəs Şəhidlik Zirvəsini fəth etdilər. Gənclərdə vətənpərvərlik hissini aşılayan universitetimiz  Şəhidlərimizin əziz xatirəsini daima anır və onların ailələrini vaxtaşırı ziyarət edir, maddi-mənəvi problemləri ilə maraqlanır.
Son günlərdə təmas xəttində baş verən, erməni təxribatının qarşısının alınması istiqamətində Azərbaycan gəncləri öz şücaəti və mərdliyi ilə seçilərək Şəhidlik zirvəsinə yüksəldilər. Beləki universitetimizin Fizika və elektroenergetika fakültəsinin 2015-ci il məzunu, 1993-cü il təvəllüdlü Mikayıl Vahabov torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən son döyüşlərdə qəhrəmancasına şəhid oldu. Universitetimizin rəhbərliyi,  kollektivi və tələbələr şəhid məzunumuzun məzarını ziyarət etdilər.
Fizika və elektroenergetika fakültəsinin dekanı Tamella Əhmədova 2015-ci ildə həmin fakültənin məzunu olmuş Mikayıl Vahabov haqqında danışaraq, onun nümunəvi tələbə olduğunu bildirdi. Mikayılın  təhsildə yüksək nəticələr göstərməsi ilə yanaşı, universitetin ictimai həyatında da fəal rol oynadığını diqqətə çatdırdı. Həmkarlar İttifaqı Komitəsinin sədri,Yarımkeçiricilər fizikası kafedrasının dosenti Turan Cəfərov Mikayılla bağlı xatirələrini dilə gətirərək, onun vətənpərvərliyə aid bütün tədbirlərində fəal iştirakından danışdı.
Sonra universitetin kollektivi və tələbələr şəhid Mikayıl Vahabovun yaşadığı evə də getdilər. Şəhidin ailə üzvləri ilə görüşdə Vətənə layiqli övlad böyütdüyü üçün valideynlərinə təşəkkür edib, Mikayıl kimi oğullarla qürur duyduqlarını bildirdilər. Mikayılın simasında ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan, adını müqəddəslərin siyahısına yazan qəhrəmanlarımıza Allahdan rəhmət diləyirik.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az