Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq memorandumu imzalayıb
Yerləşdirilmə tarixi : 16 Aprel 2026 16:20
Sumqayıt Dövlət Universiteti Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq memorandumu imzalayıb

Aprelin 14-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş “Hər fərqlilik bir həyat hekayəsidir” adlı elmi-praktik konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfrans çərçivəsində Sumqayıt Dövlət Universiteti ilə Psixologiya Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənəd Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və institutun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov tərəfindən imzalanıb. Çıxış edən Əminağa Sadıqov psixologiya elminin müasir cəmiyyətdə artan roluna diqqət çəkərək, bu sahədə aparılan elmi-tədqiqatların və praktik fəaliyyətlərin sosial rifahın təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Psixologiya Elmi-Tədqiqat İnstitutunda həyata keçirilən layihələrin, xüsusilə autizm spektr pozuntusu ilə bağlı aparılan elmi-praktik işlərin yüksək dəyərləndirildiyini qeyd edib. Ə.Sadıqov, eyni zamanda, imzalanan memorandumun ali təhsil və elmi-tədqiqat mühitinin inteqrasiyasına töhfə verəcəyini, tələbələrin praktik biliklərinin artırılmasına, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsinə və birgə elmi layihələrin reallaşdırılmasına geniş imkanlar yaradacağını bildirib. Ə.Sadıqov bu əməkdaşlığın inklüziv təhsil mühitinin inkişafına, psixoloji xidmətlərin keyfiyyətinin artırılmasına və cəmiyyətin maarifləndirilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov rəhbərlik etdiyi qurumda psixoloji xidmət və reabilitasiya sahəsində aparılan tədqiqatlar, həyata keçirilən layihələr və tələbələrin peşəkar inkişafı üçün yaradılmış imkanlar barədə ətraflı məlumat verib. O, autizm spektr pozuntusu ilə bağlı erkən müdaxilənin və düzgün yanaşmanın vacibliyini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vasif Qafarov psixologiya elminin inkişafının cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb, bu sahədə görülən işləri yüksək qiymətləndirib. Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, dosent Günel Paşayeva və Qərbi Kaspi Universitetinin nümayəndəsi Piri Axundov inklüziv təhsil mühitinin formalaşdırılması, autizmli fərdlərin cəmiyyətə inteqrasiyası istiqamətində birgə fəaliyyətin vacibliyini qeyd ediblər. Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri Narınc Rüstəmova çıxışında autizm spektr pozuntusu olan uşaqlarla bağlı erkən müdaxilənin həlledici rolunu xüsusi vurğulayaraq, ailələrin psixoloji dəstəyə olan ehtiyacını diqqətə çatdırıb. Konfrans çərçivəsində p.ü.f.d. Afərin Abbasova “Autizmli uşaqların erkən yaş dövründə sosial adaptasiyası problemi”, dosent Aytəkin Məmmədova “Ali təhsildə inklüziv transformasiya: fərqlilikdən akademik üstünlüyə”, uzman klinik psixoloq Narınc Rüstəmova isə “Autizm spektr pozuntusu olan uşaqlarda erkən risk faktorları və psixoloji müdaxilə strategiyaları: Azərbaycan nümunəsi əsasında tədqiqat” mövzularında məruzələrlə çıxış ediblər. Tədbirin bədii hissəsində Sumqayıt Dövlət Universiteti və Qərbi Kaspi Universitetinin tələbələri tərəfindən hazırlanmış səhnəciklər nümayiş olunub. Qeyd edək ki, imzalanan əməkdaşlıq memorandumu elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, akademik bilik və təcrübə mübadiləsinin təşviqi, inklüziv təhsil və psixoloji xidmət sahəsində birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq Sumqayıt Dövlət Universitetinin elmi-strateji inkişaf xəttinə uyğun olaraq, cəmiyyət yönümlü tədqiqatların gücləndirilməsinə və insan kapitalının inkişafına xidmət edəcək.  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az