Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU tələbələri 31 Mart soyqırımı ilə bağlı elmi-praktik konfransda
Yerləşdirilmə tarixi : 31 Mart 2026 16:51
SDU tələbələri 31 Mart soyqırımı ilə bağlı elmi-praktik konfransda
Sumqayıt Dövlət Universiteti (SDU) Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə bir qrup müəllim- tələbə heyəti Quba şəhərindəki Soyqırımı Memorial Kompleksində “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” adlı elmi-praktik konfransda iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransı giriş sözü ilə açan Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova çıxışında 1918-ci il mart soyqırımının Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olduğunu vurğulayıb. Bildirib ki, 1918-ci il soyqırımı hadisələrinə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla verilmiş və bu sənəddə azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi şəkildə bəyan edilmişdir. Sonra Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev erməni millətçiləri tərəfindən son 200 ildə, eləcə də 1918-ci il martın 31-də xalqımıza qarşı həyata keçirilən soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyətindən danışıb. Bildirib ki, azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı tarixin qanlı səhifələrindən biridir. Mart soyqırımı nəticəsində təkcə Bakı şəhərində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, bütövlükdə Cənubi Qafqazda 50 min nəfərdən çox türk-müsəlman əhali məhv edilib, on minlərlə insan itkin düşüb. Konfransda SDU-nun Tarix, coğrafiya və metodika kafedrasının müdiri dosent Sona Məhərrəmova “1918-ci ildə Qərbi Azərbaycanda azərbaycanlılara qarşı etnik təmizləmə və deportasiyalar” adlı mövzu ilə çıxış edərək həmin dövrdə baş vermiş faciəvi hadisələrin tarixi mənbələr əsasında təhlilini təqdim etmiş, azərbaycanlı əhaliyə qarşı həyata keçirilən zorakılıq, qırğın və məcburi köçürmələrin səbəb və nəticələrindən bəhs etmişdir. Daha sonra universitetin Tarix, coğrafiya və metodika kafedrasının dosenti Yusifəli Həsənov “31 mart 1918-ci il soyqırımı: Bakıda törədilən qırğınlar”, Tarix, coğrafiya və metodika kafedrasının dosenti Samir Kərimli “1918-ci ildə Azərbaycanın Şamaxı bölgəsində törədilən qırğınlar”, Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Sona Həsənova “1918-ci ildə Quba bölgəsinda törədilən qırğınlar”, Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Rahil Cəfərov “1918-ci ildə Azərbaycanın Qarabağ bölgəsində törədilən qırğınlar”, Tarix, coğrafiya və metodika kafedrasının baş müəllimi Nofəl Abdullayev “1918-ci il Azərbaycanlıların soyqırımına hüuqi-siyasi qiymətin verilməsi” mövzusunda məruzələrlə çıxış ediblər. Sonda müəllim və tələbələrə Kompleksin muzeyində soyqırımı ilə bağlı nümayiş etdirilən sənədlər, foto materiallar və arxeoloji tapıntılar haqqında məlumat verilib.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az