Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | AVCİYA-nın nümayəndələri SDU-da görüş keçirdi
AVCİYA-nın nümayəndələri SDU-da görüş keçirdi

Aprelin 12-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA)-nın təşəbbüsü ilə Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq aləmdə ifşa edilməsi ilə bağlı "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarısının alınması naminə" petisiya layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində görüş keçirildi.
Öncə vətən uğrunda qəhrəmancasına şəhid olmuş zabit və əsgərlərimizin, eləcə də təxribatın qurbanı olmuş dinc sakinlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru, professor Elxan Hüseynov açaraq bildirdi ki, Ermənistanın silahlı qüvvələri bütün beynəlxalq normaları pozaraq 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini qanunsuz olaraq işğal altında saxlayır. 1 milyondan artıq azərbaycanlı öz torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilmiş, işğal altında olan ərazilərdə bütün infrastruktur, mədəniyyət abidələri dağıdılmış, 20 mindən artıq Azərbaycan vətəndaşı qətlə yetirilmiş, çoxlu sayda insan əsir və girov götürülmüşdür. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər aparıcı beynəlxalq təşkilatlar, dünya dövlətləri işğal faktını təsdiqləmiş, buna son qoyulması və qaçqınların öz torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qərar, qətnamə qəbul olunmuş, bəyanatlar verilmişdir. Buna baxmayaraq, Prezident cənab İlham Əliyevin ABŞ-da keçirilən "Nüvə sammiti"də olduğu zaman Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın hərbi hissələrinin təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutaraq növbəti təxribat törətdilər. Təxribatın uğurla qarşısının alınması, məhz müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlarının, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusunun olmasının nəticəsidir. Daha dəqiq desək, Azərbaycanın silahlı qüvvələrinin cəbhədə əldə etdiyi zəfərləridir. Ordumuz böyük uğur qazandı, öz gücünü, öz cəsarətini bir daha göstərdi.
Dünya miqyasında bizim qələbəmiz tanındı. Bütün dünya Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olduğuna bir daha inandı. Azərbaycan istənilən məsələdə öz haqq işini müdafiə etməyə qadir olduğunu göstərdi. Cənab Prezident Ali Baş Komandan hər zaman deyir ki, bizim güclü, müasir ordumuz var. Biz öz ordumuzla qürur duyuruq.Cəbhədə son hadisələr göstərdi ki, Azərbaycan oğulları Ali Baş Komandanın əmrinə hazırdırlar. Rektor onu da qeyd etdi ki, cəbhədə baş verən son hadisələrlə bağlı universitetimizdə vətənpərvərlik ruhda bir sıra toplantı, mitinq keçirildi. Bu gün gənclərdə olan vətən sevgisinin qarşısını almaq mümkün deyil. Mən inanıram ki, böyük başlanğıcdır, çox yaxın vaxtlarda daha böyük uğurlara nail olacağıq. Azərbaycan xalqı bu petisiyada fəallıq nümayiş etdirib, dünyaya haqq səsini qaldıracaq.
Tədbirdə AVCİYA-nın nümayəndəsi Məhərrəm Zülfiqarlı AVCİYA-nın 12 illik fəaliyyəti haqqında söhbət açaraq onun əsas xəttinin Qarabağ həqiqətləri, Ermənistanın işğalçı siyasəti, tarix boyu xalqımıza qarşı törədilən soyqırımı və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması olduğunu bildirdi.
O, son günlərdə cəbhə xəttində baş verən hadisələrlə bağlı ATƏT, BMT, NATO və digər nüfuzlu təşkilatların, həmçinin 40-a yaxın lider ölkələrin bəyanatını diqqətə çatdırdı, bu bəyanatların hamısında əsas məqsədin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla deyil, ancaq sülh yolu həll oluna bilinəcəyini dedi. Qeyd etdi ki, hal – hazırda informasiya müharibəsi gedir, biz bu müharibədə də qalib gəlməliyik.
Beynəlxalq təşkilatların qərəzli münasibətlərini, iftiralarını, hücumlarını ifşa etmək və bütün dünyaya yaymaq məqsədilə Ağ Ev Administrasiyasına ünvanlanan petisiyadan danışan AVCİYA-nın nümayəndəsi bu müraciətdə Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi, ATƏT-in Minsk qrupunun torpaqlarımızın işğaldan azad edilməsində heç bir nəticə əldə olunmamasının vurğuladı. Qeyd etdi ki, AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də türk dünyasının bu petisiya barədə məlumatlandırılması üçün geniş təbliğat kampaniyasına başlayıb.
Petisiyanın əhəmiyyətindən danışan Məhərrəm Zülfiqarlı məhz bunun vasitəsilə Avropa Şurasının 46 ölkəsinin səs verdiyi qətnamənin Ağ Evin saytında dünyaya çatdırıldığını vurğuladı. Hər kəsi layihəyə qoşulmağa çağırdı. O, səs vermənin davam etdiyini və yaxın günlərdə bir neçə yüz min səsin qazanılacağına inamını ifadə etdi.
Sonra petisiya ilə bağlı videoçarx nümayiş etdirildi.
AVCİYA-nın nümayəndəsi Rüfət Muradov səs vermənin qaydaları haqqında ətraflı məlumat verdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az