Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində “Holberton School” ilə əməkdaşlıq çərçivəsində tələbələrlə görüş keçirilib
Yerləşdirilmə tarixi : 04 Mart 2026 11:46
Sumqayıt Dövlət Universitetində “Holberton School” ilə əməkdaşlıq çərçivəsində tələbələrlə görüş keçirilib
 Martın 3-də Sumqayıt Dövlət Universitetinində (SDU) Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə “Holberton School Azerbaijan”ın nümayəndələrinin iştirakı ilə tələbələrlə görüş keçirilib. Tədbir Sumqayıt Dövlət Universiteti ilə “Holberton School Azerbaijan” arasında mövcud əməkdaşlıq çərçivəsində universitet tələbələri üçün texnologiya sahəsində tam təqaüdlü beynəlxalq təhsil proqramlarına qəbul imkanlarının təqdim olunması məqsədilə təşkil edilib. Görüşü giriş sözü ilə Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyev açaraq universitetdə tələbələrin karyera inkişafının daim diqqət mərkəzində saxlanıldığını bildirib. O, beynəlxalq tərəfdaşlıqların gənclərin əmək bazarına uyğun bacarıqlar qazanmasına mühüm töhfə verdiyini vurğulayıb, texnologiya sahəsində təqdim olunan təqaüdlü proqramları isə tələbələr üçün əhəmiyyətli imkan kimi dəyərləndirib və onları bu fürsətlərdən fəal yararlanmağa çağırıb. Sonra “Holberton School Azerbaijan”ın CEO-su Şəmsi Bayramzadə çıxış edərək rəhbərlik etdiyi təhsil modelinin praktiki yönümlü və innovativ yanaşmaya əsaslandığını bildirib. Qeyd edib ki, proqramlar real layihələr üzərində işləmək, komanda bacarıqlarını inkişaf etdirmək və beynəlxalq əmək bazarının tələblərinə cavab verən mütəxəssislər yetişdirmək məqsədi daşıyır. Ş.Bayramzadə diqqətə çatdırıb ki, tam təqaüdlü əsasda təqdim olunan proqramlar tələbələrə yüksək keyfiyyətli texnoloji təhsil almaq üçün geniş imkanlar yaradır və bu əməkdaşlıq gələcəkdə daha da genişləndiriləcək. Görüş zamanı “Computer Science”, “Full Stack Development”, “Python” istiqamətləri üzrə tam təqaüdlü proqramlar barədə ətraflı məlumat verilib. Tədbirin sonunda Tədris Metodiki Mərkəzinin direktoru, dosent Elnarə Məmmədova və mentor Ruslan Həmidov çıxış edərək təşkilatçılara və qonaqlara təşəkkürlərini bildiriblər. Onlar bu kimi təşəbbüslərin universitetdə tədrisin praktik yönümlülüyünün artırılmasına və tələbələrin peşəkar inkişafına mühüm töhfə verdiyini qeyd ediblər. Görüş interaktiv müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb və proqramlara qəbul şərtləri barədə ətraflı izahat verilib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az