Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin tabeliyində Polimer Materialları İnstitutunun fəaliyyətinin tənzimlənməsi ilə bağlı seminar-müşavirə keçirilmişdir.
Yerləşdirilmə tarixi : 08 Yanvar 2026 10:22
Sumqayıt Dövlət Universitetinin tabeliyində Polimer Materialları İnstitutunun fəaliyyətinin tənzimlənməsi ilə bağlı seminar-müşavirə keçirilmişdir.
 Yanvarın 7-də Sumqayıt Dövlət Universitetinin (SDU) tabeliyində Polimer Materialları İnstitutunun(PMİ) fəaliyyətinin tənzimlənməsi ilə bağlı seminar-müşavirə keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov iştirakçıları salamlayaraq onları Yeni il münasibətilə təbrik edib, elmi fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb. O, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 aprel tarixli 545 nömrəli Sərəncamının və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 7 oktyabr 292 nömrəli qərarını xatırladaraq seminar-müşavirənin bu iki mühüm sənədin icrası ilə bağlı məsələlərin müzakirəsinə həsr oldunduğunu bildirib. Sonra o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədən söz açıb və bu müsahibədə dövlət başçısının elm və təhsil sahəsində aparılan islahatlarla bağlı mühüm fikirlər söylədiyini qeyd edib. Bunun ardınca SDU-nun Tədris Metodik Mərkəzinin direktoru, dosent Elnarə Məmmədova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə elm və təhsil sahəsinə dair səsləndirdiyi əsas tezisləri diqqətə çatdırıb. Daha sonra Əminağa Sadıqov qeyd edib ki, Polimer Materialları İnstitutunun SDU-nun tabeliyinə verilməsi universitetdə elm və təhsilin inteqrasiyasını gücləndirəcək, elmi nəticələrin praktikada tətbiqinə və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə kömək edəcək. Ə.Sadıqov çıxışında elmi fəaliyyətə sədaqətin və davamlılığın əhəmiyyətini vurğulayaraq, bu sahədə illər boyu çalışan alimlərin fədakarlığını xüsusi qeyd edib. O, həmçinin tədbirin PMİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovun 75 illik yubileyinə təsadüf etməsinin rəmzi məna daşıdığını bildirib, onun Azərbaycan elminə verdiyi sanballı töhfələri yüksək qiymətləndirib və Sumqayıt Dövlət Universitetinin Fəxri fərmanını Bəxtiyar Məmmədova təqdim edib. Daha sonra PMİ-nin baş direktoru Bəxtiyar Məmmədov çıxış edərək institutun yaranma tarixi, elmi inkişaf mərhələləri, elmi göstəriciləri və kadr potensialı barədə məlumat verib. O bildirib ki, institutda polimer və monomer əsaslı materialların sintezi, mexaniki-kimyəvi modifikasiya, yüksək keyfiyyətli polimer kompozitlərin və nanokompozitlərin alınması, onların emalı və tədqiqi istiqamətində mühüm elmi işlər aparılır. Qeyd olunub ki, bu tədqiqatlar sənaye üçün tətbiq yönümlü, rəqabətqabiliyyətli materialların hazırlanmasına imkan yaradır. Tədbirdə SDU-nun Elm və innovasiyalar üzrə prorektoru, dosent Elşad Abdullayev ali təhsil müəssisələrində elmi tədqiqatların inkişafına dair əsas hədəflərdən bəhs edərək universitet–elmi tədqiqat institutu əməkdaşlığının strateji əhəmiyyətini vurğulayıb. Seminar-müşavirədə, həmçinin PMİ-nin aparıcı alimləri tərəfindən polimer kompozit və nanokompozitlərin alınması, antibakterial makromonomer əsaslı polimer materiallar, yüksək şaxələnmiş polimer strukturlar, eləcə də institutun son onillik patent fəaliyyəti və innovasiya göstəricilərinə dair məruzələr təqdim olunub.
Tədbir qarşılıqlı elmi müzakirələr şəraitində davam edib, gələcək fəaliyyət istiqamətləri və birgə elmi layihələrin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az