SDU ilə Ümid Babək Əməliyyat Şirkəti arasında müasir Mexatronika və robotexnika laboratoriyasının yaradılması müzakirə olunub
Dekabrın 26-da Sumqayıt Dövlət Universiteti (SDU) ilə Ümid Babək Əməliyyat Şirkəti (UBOC) arasında onlayn formatda görüş keçirilib. Görüşün əsas məqsədi SDU-da müasir standartlara cavab verən Mexatronika və Robotexnika laboratoriyasının yaradılması imkanlarının müzakirəsi olub. Qeyd edilib ki, sözügedən laboratoriya UBOC-un maliyyə dəstəyi ilə qurulacaq. Görüş zamanı Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov universitetin fəaliyyəti, elmi-tədris potensialı və inkişaf prioritetləri barədə ətraflı məlumat verib. O, universitet-sənaye əməkdaşlığının ali təhsilin keyfiyyətinin artırılmasında mühüm rol oynadığını vurğulayaraq, belə müasir laboratoriyaların yaradılmasının praktiki biliklərə əsaslanan kadr hazırlığı baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, sənaye yönümlü infrastruktur tələbələrin real istehsalat mühitinə uyğun bacarıqlar əldə etməsinə imkan yaradır. Əminağa Sadıqov həmçinin cari ildə SDU-nun beynəlxalq reytinqlərdə əldə etdiyi müsbət nəticələr, eləcə də universitetə qəbul olan tələbələrin sayında 29 faiz artımın qeydə alınmasını SDU-nun artan nüfuzunun göstəricisi olduğunu diqqətə çatdırıb. Görüşdə Ümid Babək Əməliyyat Şirkətinin direktoru Elxan Bəşirov çıxış edərək şirkətin fəaliyyət istiqamətləri haqqında məlumat verib. O bildirib ki, Ümid-Babək dəniz bloku ölkənin strateji əhəmiyyətə malik ikinci ən böyük enerji yataqlarından biridir və onun işlənməsi və istismarı UBOC tərəfindən həyata keçirilir. Elxan Bəşirov yaradılması nəzərdə tutulan laboratoriyanın maliyyələşdirilməsinin uzunmüddətli perspektivdə ixtisaslı mühəndis və texniki kadrların hazırlanmasına mühüm töhfə verəcəyini vurğulayıb. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, laboratoriyanın texniki istiqamətləri və gələcək əməkdaşlıq perspektivləri ətrafında ilkin razılaşmalar əldə olunub.
.jpg)