“Təhsildə müəllim amili və süni intellektin dəstəkləyici rolu” mövzusunda debat keçirilib
Dekabrın 18-də Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrası və Tələbə Elmi Cəmiyyətin birgə təşkilatçılığı ilə “Təhsildə müəllim amili və süni intellektin dəstəkləyici rolu” mövzusunda debat təşkil olunub. Debatı kafedranın müdiri, dosent Məftun Heydərova açaraq iştirakçıları salamlayıb, mövzunun aktuallığını vurğulayıb. O, çıxışında süni intellektin təhsil sistemində müəllim fəaliyyətini necə dəstəklədiyini, tədris keyfiyyətinin artırılmasında yaratdığı imkanları və bu sahədə qarşıya çıxan əsas çağırışları diqqətə çatdırıb. Debatda hər biri 3 nəfərdən ibarət olmaqla Təsdiq və İnkar komandaları iştirak ediblər. Komandalar 5 dəqiqəlik çıxışları ilə mövqelərini təqdim edib, daha sonra qarşılıqlı arqument mübadiləsi və sual-cavab mərhələsi keçirilib. Auditoriyadan ünvanlanan suallar müzakirələri daha da genişləndirib, iştirakçılar arqumentlərini əlavə faktlar və əsaslandırmalarla gücləndiriblər. Debatın sonunda çıxışlar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə meyarlarına məzmunun dolğunluğu, arqumentlərin əsaslandırılması, nitq mədəniyyəti və qarşı arqumentlərə cavab vermək bacarığı daxil olub. Münsiflərin qərarı ilə İnkar komandası qalib seçilərək Fəxri fərmanlarla mükafatlandırılıblar. Tədbirin digər iştirakçılarına isə təşəkkürnamələr təqdim olunubdur. Tədbirin davamında debatın gedişi və nəticələri üzrə SWOT analizi aparılıb. Bu mərhələdə Tələbə Elmi Cəmiyyətinin sədri Zərifə Səmədzadə çıxış edərək debatın elmi və təşkilati tərəflərini təhlil edib, tələbələrin fəallığını yüksək qiymətləndirib və belə formatlı intellektual müzakirələrin tələbə-elmi mühitinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, həmçinin Tələbə Elmi cəmiyyətin gələcəkdə də bu tip elmi və polemik tədbirlərin təşkili istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib. Sonda fakültə dekanı, dosent Xalidə Həsənova çıxış edərək iştirakçıları təbrik edib, belə intellektual və elmi debatların tələbələrin analitik düşünmə, tənqidi yanaşma və ünsiyyət bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıb.