Fakültələrarası voleybol yarışına start verilib
Dekabrın 13-də Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni il bayramına həsr olunmuş voleybol yarışının açılış mərasimi keçirilib. Yarış Sumqayıt Dövlət Universitetinin İdman Klubu və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbiri universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov açaraq iştirakçıları salamlayıb və yarışın keçirilməsində məqsədin tələbələr arasında sağlam həyat tərzinin təbliği, fakültələr arasında dostluq əlaqələrinin gücləndirilməsi olduğunu vurğulayıb. O, belə idman yarışlarının tələbələrin birlik və fəallığını artırmasına, onların universitet həyatına daha aktiv qoşulmasına şərait yaratdığını bildirərək, iştirakçılara uğurlar arzulayıb. Turnirdə ümumilikdə 7 komanda iştirak edib. İlk oyunlardan sonra Təbiət elmləri, Tarix və coğrafiya, Mühəndislik fakültələri və Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci yarımfinala vəsiqə qazanıblar.