Dekabrın 5-də Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsi və Sumqayıt Dövlət Universitetinin(SDU) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev – tarixin böyük şəxsiyyəti” mövzusunda Respublika elmi konfransı keçirilib. Tədbirdən əvvəl iştirakçılar universitetin foyesində ucaldılmış Ulu Öndərin büstü önünə gül dəstələri düzüblər. Ardınca konfrans Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram olaraq bir dəqiqəlik sükutla açıq elan olunub. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib. Konfransı giriş sözü ilə universitetin rektoru, v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov açıb. O, millət vəkillərini və iştirakçıları salamlayaraq, SDU-da təşkil olunan elmi tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, konfrans bir neçə gün ərzində davam edəcək və universitetin fakültələrində, kafedralarında tələbələrin, müəllimlərin və digər əməkdaşların iştirakı ilə Ulu Öndərin həyat və fəaliyyəti barədə məruzələr dinləniləcək. Ə.Sadıqov çıxışında qeyd edib ki, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Milli Məclisin üzvlərinin tədbirdə iştirakı konfransa xüsusi əhəmiyyət verir və nəinki SDU üçün, həmçinin Sumqayıt şəhəri üçün də önəmli hadisədir. Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etdiyini xatırladan Ə. Sadıqov konstitusiyanın yaranma tarixi, aliliyi və dövlət idarəçiliyində oynadığı həlledici roldan danışıb. Bildirib ki, SDU-da bu çərçivədə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq müxtəlif elmi konfranslar, seminarlar və maarifləndirici görüşlər keçirilmişdir. Çıxışında Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına diqqət çəkən professor bildirib ki, 1969-1982-ci illərdə respublikanın bütün sahələrində dinamik yüksəliş təmin olunub. Xüsusilə elm və təhsil sahəsinə göstərilən diqqət nəticəsində yeni məktəb binaları tikilib, ali və orta ixtisas təhsil müəssisələrinin şəbəkəsi genişləndirilib və onların maddi-texniki bazası gücləndirilib, gənclərin SSRİ-nin nüfuzlu universitetlərində təhsil alması üçün geniş imkanlar yaradılıb. Elmi nailiyyətlərin sənayedə təbiqi üçün məqsədyönlü işlər görülüb O həmin imkanlardan yararlanmış gənclərdən birinin də özü olduğunu xüsusi qeyd edib. Professor gənclərin formalaşmasında Heydər Əliyevin şəxsi keyfiyyətlərinin nümunəvi rolunu qeyd edərək deyib ki, insan üçün ən qiymətli dəyərlərdən biri məsuliyyətdir və Ulu Öndər hər zaman yüksək məsuliyyəti, işgüzarlığı və məqsədyönlü fəaliyyəti ilə seçilib, dövlətin və xalqın maraqlarını hər şeydən üstün tutub, onları qətiyyətlə qoruyub. Ə.Sadıqov gənclərin də bu keyfiyyətləri öz həyat yollarında rəhbər tutmalarını tövsiyə edib. Konfransda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov komitənin ali təhsil müəssisələri ilə birgə konfranslar ənənəsinin davam etdiyini bildirərək, tədbirin elm və təhsildə aktual məsələlərin müzakirəsinə xidmət etdiyini qeyd edib. O, Heydər Əliyevin Azərbaycan tarixində həm tarix yaradan, həm də özü haqqında tarix yazılan nadir şəxsiyyət olduğunu vurğulayıb. A. İsgəndərov Ulu Öndərin dövlətçilik irsi, milli maraqların müdafiəsində nümayiş etdirdiyi prinsipial mövqe, Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsində göstərdiyi əvəzsiz xidmətlər, hərbi kadr hazırlığı sisteminin formalaşdırılmasındakı rolu barədə faktlarla çıxış edib. Sonda vurğulayıb ki, Prezident İlham Əliyev Ulu Öndərin ideyalarını uğurla davam etdirərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş, dövlətin beynəlxalq nüfuzunu və inkişafını yeni mərhələyə yüksəltmişdir. Konfransın davamında Elm və təhsil komitəsinin üzvləri ─ professorlar Bəxtiyar Əliyev, Vasif Qafarov, Elnarə Akimova, dosentlər Mehriban Vəliyeva, Ceyhun Məmmədov, əməkdar jurnalist Elçin Mirzəbəyli, SDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elmin Novruzlu çıxış ediblər. Məruzəçilər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı, strateji layihələrin reallaşdırılması, ölkəmizin beynəlxalq arenada mövqeyinin gücləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətləri geniş şəkildə şərh ediblər. Çıxış edənlərin hamısı bir fikri xüsusi vurğulayıblar ki, Ulu Öndərin azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri böyük uzaqgörənliklə və dəqiqliklə öz siyasi varisini müəyyən etməsi olmuşdur. Bu seçim ölkəmizin başçısı cənab İlham Əliyevin sayəsində Azərbaycanın daha sürətli inkişafına, onun müstəqilliyinin və suverenliyinin tam bərqərar olunmasına gətirib çıxarmışdır. Qeyd olunub ki, illər, əsrlər keçsə də, həyatını Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsinə və inkişafına həsr etmiş Ulu Öndər Heydər Əliyevin xatirəsi xalqımızın qəlbində daim böyük ehtiram və minnətdarlıq hissi ilə yaşayacaq.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)