AccessBank tərəfindən tələbələrin maliyyə savadlılığının artırılması istiqamətində təlim keçirilib
Oktyabrın 30-da Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin, Karyera və Məzunlarla İş Mərkəzinin və AccessBankın birgə təşəbbüsü ilə Beynəlxalq Əmanət Gününə həsr olunmuş “Maliyyə savadlılığının uğurlu karyeraya təsiri” mövzusunda təlim keçirilib.
Tədbiri fakültə dekanı, dosent Loğman Abdullayev açaraq iştirakçıları salamlayıb və təlimin əhəmiyyətindən danışıb. Qeyd edib ki, AccessBank tərəfindən maliyyə mövzusunda təşkil olunan bu tədbir tələbələrin peşə yönümünün dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda tələbələrin gələcək karyera inkişafına müsbət təsir göstərərək, onların praktik bilik və bacarıqlarının formalaşmasına töhfə verir. Dekan həmçinin AccessBank ilə universitet arasında mövcud əməkdaşlıq və tələbələrin bankda təcrübə keçmək imkanları barədə də danışıb. Sonra AccessBankın Təhsil və inkişaf şöbəsinin rəhbəri Xumar Hüseynova “Maliyyə savadlılığı”, Biznes partnyorluq şöbəsinin rəhbəri İlhamə Rüstəmli “Davamlı inkişaf, karyera planlaması”, PR və daxili kommunikasiyalar üzrə meneceri Ülviyyə İsmayılova isə “Sahibkarlar üçün PR: Lüks deyil, zərurətdir” mövzularında təqdimatla çıxış ediblər. Məruzəçilər maliyyə savadlılığının şəxsi inkişaf və karyera planlaşdırılmasında rolu, düzgün maliyyə qərarlarının qəbul edilməsi, təhlükəsiz bank əməliyyatları, eləcə də rəqəmsal bankçılıq xidmətlərindən düzgün istifadə və ictimaiyyətlə əlaqələrin əhəmiyyəti barədə məlumat veriblər. Təlim zamanı tələbələrin maliyyə bazarları, şəxsi büdcənin idarə olunması, bank xidmətlərindən səmərəli istifadə və müxtəlif layihələrlə bağlı çoxsaylı sualları cavablandırılıb.