Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti İstanbul Texniki Universitetində işgüzar səfərdə olub
20–24 oktyabr 2025-ci il tarixlərində Sumqayıt Dövlət Universitetinin (SDU) elm və innovasiyalar üzrə prorektoru, dosent Elşad Abdullayev və Kimya kafedrasının dosenti Elmar İmanov Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından biri olan İstanbul Texniki Universitetində (İTÜ) rəsmi səfərdə olublar. Səfərin məqsədi SDU ilə BP şirkəti arasında yeni məzmunlu “Kimya mühəndisliyi” magistratura proqramının yaradılması ilə bağlı əldə olunan razılaşmanın icra mərhələlərinin həyata keçirilməsi olub. Bu proqram müasir sənaye tələblərinə uyğun yüksək ixtisaslı mühəndis kadrların hazırlanmasını və universitet-sənaye əməkdaşlığının daha da gücləndirilməsini nəzərdə tutur. Səfər çərçivəsində dosent Elşad Abdullayev İstanbul Texniki Universitetinin rektor yardımçısı prof. Dr. İpek Akın Karadayı, Kimya-Metalurji fakültəsinin dekanı prof. Dr. Sebahattin Gürmen, Fen-Edebiyat fakültəsinin dekanı prof. Dr. Samet Yücel Kadıoğlu, Kimya Mühendisliyi bölümünün rəhbəri prof. Dr. Alper Sarıoğlan və Kimya bölümünün rəhbəri prof. Dr. Okan Sirkecioğlu ilə görüşlər keçirib. Görüşlər zamanı iki universitet arasında əməkdaşlıq imkanları, Kimya mühəndisliyi ixtisasının tədris proqramının təkmilləşdirilməsi, tələbə və müəllim mobilliyi, eləcə də birgə elmi-tədqiqat layihələrinin təşkili məsələləri müzakirə olunub. Tərəflər həmçinin laboratoriya infrastrukturunun qarşılıqlı istifadəsi və ortaq layihələrin icrası istiqamətində əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.
Səfər çərçivəsində Elşad Abdullayev və Elmar İmanov İTÜ-nün kimya və kimya mühəndisliyi laboratoriyaları ilə tanış olub, aparılan elmi tədqiqatlar və istifadə olunan tədris resursları barədə məlumat alıblar, bəzi dərslərdə iştirak ediblər. Sumqayıt Dövlət Universiteti beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirərək, elmi-tədqiqat potensialının gücləndirilməsi, müasir tədris proqramlarının tətbiqi və sənaye ilə inteqrasiyanın dərinləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)