Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub
Yerləşdirilmə tarixi : 24 Oktyabr 2025 15:05
Sumqayıt Dövlət Universitetində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub
 Oktyabrın 23-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, görkəmli söz ustadı, ictimai xadim, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sözün Bəxtiyarı” adlı tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları universitetin Böyük Akt zalının foyesində şairin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisi ilə tanış olublar. Sərgidə Bəxtiyar Vahabzadənin müəllifi olduğu kitablar, seçilmiş əsərləri, həmçinin onun yaradıcılığına dair yazılmış ədəbiyyat nümunələri nümayiş etdirilib. Tədbirdə Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncam səsləndirilib. Ardınca Bəxtiyar Vahabzadənin zəngin həyat və yaradıcılıq yolunu, eləcə də Ulu Öndər Heydər Əliyevin xalq şairi ilə görüşünü əks etdirən videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov açaraq, qonaqları və iştirakçıları salamlayıb, Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və ziyalılarına göstərdiyi yüksək diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, Prezidentin Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı Sərəncamın bu dəyərin bariz nümunəsi olduğunu qeyd edib. Əminağa Sadıqov çıxışında Bəxtiyar Vahabzadənin “Ana”, “Vətən marşı”, “Bayraq”, “Ana dili” və s. kimi şeirlərinin dərin təsir gücünə malik olduğunu bildirib. O, xüsusilə sovet senzurasının ən sərt dövrlərində qələmə aldığı “Gülüstan” poemasının əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu əsərdə xalqımızın iki yerə bölünməsi faciəsi yüksək vətənpərvərlik duyğusu və cəsarətli bədii ifadə ilə təsvir olunub. “Gülüstan” poemasının təkcə ədəbiyyat tarixində deyil, həm də milli düşüncənin formalaşmasında mühüm rolu olduğunu vurğulayıb. Ümumiyyətlə, Bəxtiyar Vahabzadə milli şüurun dirçəlişinə üstünlük verən sənətkar olmaqla yanaşı, xalqımızın gələcəyə baxışının formalaşmasında da mühüm rol oynamışdır. Əminağa Sadıqov onu da diqqətə çatdırıb ki, Bəxtiyar Vahabzadə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı zərurətini xalqımıza çağırış edən ziyalılardan biri olub. Rektor v.i.e. Əminağa Sadıqov çıxışının sonunda gənclərə müraciət edərək, Azərbaycan ədəbiyyatının klassiklərini, xüsusilə də Bəxtiyar Vahabzadə kimi böyük şəxsiyyətlərin yaradıcılığını dərindən öyrənməyi və oxumağı tövsiyə edib. Tədbirdə Milli Məclisinin deputatı Elnarə Akimova Xalq şairinin çoxşaxəli yaradıcılığına geniş nəzər salaraq, onun poeziyasında vətəndaşlıq mövqeyinin, milli ruhun, istiqlal düşüncəsinin ön planda olduğunu xüsusi vurğulayıb. Bildirib ki, Bəxtiyar Vahabzadə yalnız şair kimi deyil, eyni zamanda ziyalı və vətəndaş mövqeyi ilə də Azərbaycan ədəbiyyatına və ictimai fikrin formalaşmasına mühüm töhfələr verib. Onun əsərləri milli azadlıq ideyalarının tərənnümündə, gənc nəsildə vətənpərvərlik duyğularının formalaşmasında müstəsna rol oynayıb. Sonra “Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, Dil və ədəbiyyat kafedrasının dosenti İlahə Vəliyeva şair haqqında xatirələrini bölüşərək, onun zəngin və çoxşaxəli ədəbi irsindən söz açıblar. Tədbirin bədii hissəsində universitetin tələbələri şairin poeziyasından seçilmiş nümunələri səsləndirib, onun sözlərinə yazılmış mahnıları ifa ediblər. İstedadlı müğənni Hicran Əhmədovanın ifasında təqdim olunan musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az