Sumqayıt Dövlət Universiteti ilə “İydə Parfum” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb
Oktyabrın 6-da Sumqayıt Dövlət Universiteti ilə “İydə Parfum” şirkəti arasında əməkdaşlıq çərçivəsində görüş keçirilib. Tədbirdə çıxış edən universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov bildirib ki, ali təhsil müəssisələrinin müasir iş dünyası ilə sıx əməkdaşlığı ümumilikdə cəmiyyətin inkişafı, rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması və keyfiyyətli kadr potensialının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Sumqayıt Dövlət Universiteti özəl sektorla strateji əməkdaşlığa xüsusi önəm verir. Belə əməkdaşlıqlar qarşılıqlı faydalı münasibətlərin qurulmasına, eləcə də innovativ təşəbbüslərin reallaşdırılmasına zəmin yaradır. O, çıxışında ölkəmizdə ətir sektorunda fəaliyyət göstərən çoxsaylı şəbəkələr arasında “İydə Parfum”un özünəməxsus yer tutduğunu, fəaliyyət sahəsini genişləndirərək, mövqeyini möhkəmləndirdiyini vurğulayıb. Sonra “İydə Parfum” şirkətinin marketinq üzrə direktoru Qiyas Mərdənov çıxış edərək, şirkətin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, “İydə Parfum” 2017-ci ildən etibarən Azərbaycan bazarında fəaliyyət göstərir və bu müddət ərzində ətir satışında xüsusi yer qazanmışdır. Hazırda şirkətin 17 filialı fəaliyyət göstərir. Bundan əlavə, şirkətin xarici ölkələrdə də filialları fəaliyyət göstərərək, “Qarabağ”, “Xəmsə” və “Yeddi Gözəl” kimi özəl kolleksiyalar vasitəsilə Azərbaycan brendini dünya miqyasında təmsil edir və tanıdır. Görüşdə universitetin bir qrup əməkdaşına “İydə Parfum”un ətirləri təqdim edilib. Görüşdən sonra Qiyas Mərdənov rəhbərlik etdiyi nümayəndə heyəti ilə universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqovla görüşüb. Mövcud əməkdaşlıq istiqamətləri barədə müzakirələrdən sonra tərəflər arasında memorandum imzalanıb.
.jpeg)
.jpeg)