“Ammonyak istehsalı: kimyəvi proseslər və sənaye tətbiqləri” adlı seminar keçirilib
Oktyabrın 22-də Sumqayıt Dövlət Universitetində (SDU) Kimya mühəndisliyi və Ekologiya kafedrasının, Karyera və Məzunlarla İş Mərkəzinin birgə təşkilatçılığı ilə “Ammonyak istehsalı: kimyəvi proseslər və sənaye tətbiqləri” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarın spikeri, “SOCAR Karbamid” zavodunda Ammonyak qurğusu üzrə istehsalat mühəndisi, eyni zamanda SDU-nun məzunu olmuş Əfsanə Sayılova çıxış edərək özü haqqında qısa məlumat verib və təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb. O, ammonyak istehsalının əsas kimyəvi mərhələləri, texnoloji prosesi və sənayedə geniş tətbiq sahələri barədə ətraflı təqdimatla çıxış edib. Həmçinin istehsalatda təhlükəsizlik tədbirləri, müasir texnologiyaların tətbiqi və ətraf mühitə təsir baxımından ammonyak istehsalının necə tənzimləndiyi barədə məlumat verib. Sonra Kimya mühəndisliyi və Ekologiya kafedrasının müdiri, dosent Tünzalə Babayeva çıxış edərək bu cür seminarların davamlı keçirilməsinin vacibliyini vurğulayıb, məzun tələbənin təqdimatını yüksək qiymətləndirib. O, həmçinin universitet və məzunlar arasında əməkdaşlığın genişləndirilməsinin qarşılıqlı inkişaf baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.