Sumqayıt Dövlət Universitetində “SOCAR Türkiyə” Yay Təcrübə Proqramında iştirak edən tələbələrlə görüş keçirilib
Oktyabrın 21-də Sumqayıt Dövlət Universitetində (SDU) “SOCAR Türkiyə”nin yay təcrübə proqramında iştirak etmiş tələbələrlə görüş keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, “SOCAR Downstream Management” MMC-nin nümayəndəsi və təcrübə proqramını uğurla başa vurmuş tələbələr iştirak ediblər. Universitetin rektoru v.i.e. AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov çıxış edərək tələbələri təbrik edib, onların əldə etdikləri bilik və bacarıqların gələcək karyeralarında mühüm rol oynayacağını vurğulayıb. O, qeyd edib ki, ölkədə aparılan təhsil islahatları ali təhsilin keyfiyyətinin yüksəldilməsinə və əmək bazarının tələblərinə uyğun kadr hazırlığına yönəlib. Bu baxımdan “SOCAR Türkiyə” kimi qabaqcıl sənaye müəssisələrində təşkil olunan təcrübə proqramları tələbələrin biliklərinin praktiki mühitdə möhkəmləndirilməsi üçün mühüm platformadır. Professor Əminağa Sadıqov “SOCAR Downstream Management” MMC və “SOCAR Türkiyə” rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. O, vurğulayıb ki, SDU tələbələrinin bu proqramlara seçilməsi universitetdə formalaşmış tədris keyfiyyətinin, tələbələrin peşəkar hazırlıq səviyyəsinin və beynəlxalq əməkdaşlıq potensialının göstəricisidir. Çıxışında Ə.Sadıqov həmçinin SDU ilə SOCAR arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələrinə toxunaraq bildirib ki, universitet tələbələrinin SOCAR-ın müxtəlif struktur bölmələrində və Türkiyədə fəaliyyət göstərən “Petkim” kimi müəssisələrdə istehsalat təcrübəsi keçməsi onların mühəndislik bacarıqlarının təkmilləşdirməsinə və əmək bazarına daha hazırlıqlı daxil olmasına şərait yaradır. “SOCAR Downstream Management” MMC-nin işə qəbul üzrə əməkdaşı Maşallah İsgəndərov çıxış edərək təcrübə proqramının məqsədləri, məzmunu və tələbələrin əldə etdikləri nəticələr haqqında məlumat verib. O, SDU tələbələrinin bilik səviyyəsi, nizam-intizamı və peşəkar davranışları ilə fərqləndiklərini qeyd edib və bu əməkdaşlığın davamlı xarakter daşımasının vacibliyini vurğulayıb. Daha sonra Mühəndislik fakültəsinin tələbələri - Telman Adıgözəlov, Sənan Musazadə, Fərid Məmmədov və Solmaz Qənbərova Türkiyənin “Petkim” şirkətində keçdikləri yay təcrübəsinə dair təəssüratlarını bölüşüblər. Onlar real istehsalat mühitində qazandıqları təcrübənin peşəkar inkişaflarında mühüm rol oynadığını bildiriblər və SOCAR rəhbərliyinə yaradılmış şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.
Görüşün sonunda “SOCAR Downstream Management” MMC-nin nümayəndəsi Maşallah İsgəndərova universitet rəhbərliyi tərəfindən təcrübə proqramında tələbələrə göstərdiyi dəstəyə və əməkdaşlığa görə təşəkkürnamə təqdim olunub.
Görüşün sonunda “SOCAR Downstream Management” MMC-nin nümayəndəsi Maşallah İsgəndərova universitet rəhbərliyi tərəfindən təcrübə proqramında tələbələrə göstərdiyi dəstəyə və əməkdaşlığa görə təşəkkürnamə təqdim olunub.