Sumqayıt Dövlət Universitetində Dissertasiya Şurasının iclası keçirilib
17 oktyabr tarixində Sumqayıt Dövlət Universitetində “5706.01 – Azərbaycan dili” və “5716.01 – Azərbaycan ədəbiyyatı” ixtisasları üzrə Dissertasiya Şurasının iclası keçirilib. İclasa Şuranın sədri, filologiya elmləri doktoru, professor Nigar İsgəndərova sədrlik edib. Gündəlikdə Səbinə Əmir qızı Seyidovanın və Aynurə Nizami qızı Babayevanın dissertasiya işlərinin müdafiəsi məsələsinə baxılıb. Dissertant Səbinə Seyidova “Azərbaycan dilində frazeologizmlərin struktur-semantik xüsusiyyətlərinin tədqiq istiqaməti”, Aynurə Babayeva isə “Mustafa Çəmənlinin yaradıcılığı” mövzularında apardıqları elmi tədqiqatları təqdim ediblər. İclasda universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov da iştirak edərək çıxış edib. O, dissertasiya şurasının universitetdə elmi mühitin formalaşmasında əhəmiyyətli rol oynadığını qeyd edərək, Azərbaycan dilinin qorunması və ədəbi irsimizin gənc nəslə ötürülməsi milli-mədəni kimliyimizin dərk olunması üçün əsas vasitələrdən biri olduğunu vürğulayıb. “Azərbaycan dili xalqımızın milli kimliyini, mədəniyyətini və tarixi yaddaşını qoruyub saxlayan ən mühüm dəyərdir. Hər bir tədqiqatçının üzərinə düşən borc bu dəyərin elmi şəkildə araşdırılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılmasıdır.” Professor Əminağa Sadıqov qeyd edib ki, ədəbiyyat dilin estetik ifadəsi olmaqla yanaşı, milli düşüncənin, mənəviyyatın və tarixi təcrübənin bədii daşıyıcısıdır. Bu baxımdan Azərbaycan dili və ədəbiyyatı istiqamətində aparılan elmi işlər milli dəyərlərin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Əminağa Sadıqov həmçinin vurğulayıb ki, SDU-da elmi tədqiqatların təşviqi və doktorantların elmi fəaliyyətinə dəstək universitetin strateji hədəflərindən biridir: “Elmi mühitin gücləndirilməsi, gənclərin elmi fəaliyyətə cəlb edilməsi və elmi rəhbərlərlə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi universitetin elmi potensialını daha da artıracaq”. Müdafiə Şurasının iclasında Şura üzvlərindən başqa, iddiaçıların elmi rəhbərləri, opponentlər və digər alimlər iştirak ediblər. Təqdimatlar zamanı dissertantların tədqiqat işləri dinlənilib, elmi rəhbərlərin və opponentlərin rəyləri səsləndirilib, gənc tədqiqatçıların elmi fəaliyyəti müzakirə olunub. Sonda gizli səsvermə yolu ilə Şura hər bir iddiaçı ilə bağlı müvafiq qərar qəbul edib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)