SDU-da “Rebuild Karabakh” hakatonu ilə bağlı infosessiya keçirilib
Sumqayıt Dövlət Universitetində (SDU) Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə “Ağıllı şəhər, yaşıl gələcək: World Urban Forum (WUF)2026-a doğru” layihəsi çərçivəsində “Rebuild Karabakh” hakatonu ilə bağlı tələbələr üçün infosessiya keçirilib. Tədbiri Karyera və məzunlarla iş mərkəzinin direktoru Anar Dünyamalıyev açaraq iştirakçıları salamlayıb, universitetdə tələbələrin innovativ təşəbbüslərinə verilən dəstəyin önəmini vurğulayıb. Sonra “Ağıllı Şəhər, Yaşıl Gələcək: WUF 2026-a doğru” layihəsinin rəhbəri Günel Qurbanova layihənin məqsədləri haqqında danışaraq ümumi məlumat verib. O, layihənin əsas hədəfinin gənclərin innovativ ideyalarını dəstəkləmək, onların texnoloji bacarıqlarını inkişaf etdirmək və Qarabağın bərpasına töhfə vermək olduğunu bildirib. Daha sonra layihə koordinatoru Fatimə Əzizova “Rebuild Karabakh” hakatonu haqqında ətraflı məlumat verib. Layihənin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin dəstəyi ilə həyata keçirildiyi qeyd edilib və hakatonun dayanıqlı inkişaf prinsiplərinə əsaslandığı bildirilib. İnfosessiyada iştirakçılara hakatonun istiqamətləri ( ağıllı şəhər idarəçiliyi, yaşıl texnologiyalar, davamlı mobillik və s. ), mərhələləri (qeydiyyat, ilkin seçmə, mentor proqramı, təlim mərhələləri) və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verilib. Həmçinin qaliblər üçün nəzərdə tutulan mentor-dəstək imkanları, investorlara çıxış imkanı və WUF13 də iştirak hüququnu qazanması haqqında məlumat verilib. İdeyaların "Ağıllı şəhər, yaşıl gələcək" prinsiplərinə uyğun platformada necə inkişaf etdirilicəyi haqqında təqdimatlar göstərilib.
Sonda tələbələrin sualları cavablandırılıb, hakatona qoşulma qaydaları və qeydiyyat prosesi barədə əlavə informasiyalar nəzərə çatdırılıb.Hakatona qoşulmaq üçün qeydiyyat forması: https://forms.fillout.com/t/wzfNzA2HC