SDU tələbəsi Beynəlxalq Astronavtika Konqresində iştirak edib
Avstraliyanın Sidney şəhərində keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 14 ali təhsil müəssisəsindən olan 53 nəfər tələbə, gənc mütəxəssis və alimdən ibarət Milli Elmi Komanda təmsil edib. Azərbaycan Respublikasının Kosmik Agentliyinin nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı ilə nümayəndə heyəti konqresdə kosmik tədqiqatlar, kosmik rabitə və naviqasiya texnologiyaları, eləcə də kosmik təhsil sahələrinə dair məqalələrlə çıxış edib. Bu mötəbər beynəlxalq tədbirdə Sumqayıt Dövlət Universitetinin SABAH qrupları üzrə Kibertəhlükəsizlik ixtisasının II kurs magistr tələbəsi Mətanət Əhmədova da iştirak edib. O, ölkəmizi və eyni zamanda universitetimizi layiqincə təmsil edərək E8 IAA Multilingual Astronautical Terminology Symposium-da “Letrivia” adlı layihə ilə çıxış edib. Tələbənin təqdim etdiyi məqalə kosmik terminlərin oyunlaşdırılmış şəkildə öyrədilməsini nəzərdə tutan mobil tətbiq konsepsiyasını əhatə edib. Layihə kosmik elmlərə marağın artırılması və bu sahədə terminoloji biliklərin interaktiv formada mənimsənilməsinə xidmət edir. Tədbirdə, həmçinin, SABAH qrupları tələbələrinin təqdimatlarında kosmik fəaliyyətlərin təhlükəsizliyi, sabitliyi və davamlılığı, Yer müşahidəsi texnologiyaları, kiçik peyk missiyaları və süni intellekt tətbiq olunan tədqiqatlar kimi aktual mövzular müzakirə olunub.
.jpg)
