“Tələbəlikdən sahibkarlığa” adlı təlim keçirilib
Sumqayıt Dövlət Univetsitetində (SDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyi tərəfindən “Tələbəlikdən sahibkarlığa” adlı təlim keçirilib. SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxış edərək təlimin əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, bu cür layihələr gənclərə sosial problemlərin həlli istiqamətində təşəbbüskar olmağa və liderlik bacarıqlarını inkişaf etdirməyə imkanlar yaradır. Bu kimi tədbirlər tələbələrin fərdi inkişafına, eyni zamanda cəmiyyətə daha faydalı və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir. “Sosial Məsələlərin Həllinə Kömək” İB sədri Nərmin Daşdəmirbəyli çıxış edərək rəhbərlik etdiyi birliyin fəaliyyəti və həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib. O, birliyin həyata keçirdiyi “Səyyar Addım” layihəsindən də söz açaraq, bu çərçivədə müxtəlif bölgələrdə təşkil olunan görüşlər və maarifləndirmə tədbirləri haqqında danışıb. Sonra təlimçi “İşartı” şirkətinin təsisçisi Cahan Hommadova “Tələbəlikdən sahibkarlığa” mövzusunda çıxış edib. O, şəxsi təcrübəsindən və sahibkarlıq sahəsində qazandığı bilik və bacarıqlardan bəhs edərək, tələbələr üçün motivasiyaedici məqamları bölüşüb. Sahibkarlıq fəaliyyətinə başlamağın yolları, qarşıya çıxan çətinliklər və onların həlli yolları barədə praktiki tövsiyələr verib. Tədbirin sonunda iştirakçılarla mövzu ətrafında maraqlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və tələbələrin sosial-sahibkarlıq təşəbbüslərinə dair fikirləri dinlənilib.