Sumqayıt Dövlət Universiteti “Kəmər və Yol Universitetləri Alyansının 2025-ci il Forumu”nda ölkəmizi təmsil edir
Sentyabrın 22-də Çin Xalq Respublikasının Qansu əyalətinin Dunhuang şəhərində keçirilən “Kəmər və Yol Universitetləri Alyansının 2025-ci il Forumu”nun açılış mərasimi baş tutub. Forumda Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. “Tərəfdaşlığın onilliyi, müdrikliyə əsaslanan gələcək: Kəmər və Yol təhsil icması üçün yeni mərhələnin yaradılması” mövzusuna həsr olunan Forumda dünyanın 24 ölkəsindən 95 universitetin nümayəndələri təmsil olunub. Ölkəmizi bu mötəbər tədbirdə Sumqayıt Dövlət Universiteti (SDU) təmsil edir. Forumda əsas məruzəçilərdən biri qismində çıxış edən professor Əminağa Sadıqov “Ali təhsildə süni intellekt əsaslı rəqəmsal transformasiya təcrübələri: universitetlər üçün praktik strategiyalar” mövzusunda təqdimatla çıxış edib. O, süni intellekt texnologiyalarının tədris prosesində tətbiqi, universitetlərin idarəetmə mexanizmlərində rəqəmsallaşmanın rolu və innovativ təhsil mühitinin formalaşdırılmasının əhəmiyyətindən danışıb. Professor Sadıqov qeyd edib ki, “Süni intellekt texnologiyalarının ali təhsildə tətbiqi yalnız tədris keyfiyyətini yüksəltmir, eyni zamanda tələbələrin yaradıcılıq potensialını inkişaf etdirərək onları qlobal əmək bazarının çağırışlarına hazırlayır. Sumqayıt Dövlət Universiteti olaraq biz rəqəmsal transformasiya strategiyamızı məhz bu hədəflərə uyğun formalaşdırırıq”. SDU nümayəndə heyəti, həmçinin Forumun təşkilatçısı olan Lanzou Universitetinin rəhbərliyi ilə görüş keçirib. Görüşdə iki universitet arasında tələbə-müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələri və startap təşəbbüslərinin dəstəklənməsi istiqamətində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
“Kəmər və Yol Universitetləri Alyansı”nın ali təhsil müəssisələri arasında beynəlxalq əlaqələrin genişləndirilməsi, elmi-innovativ mübadilələrin təşviqi və qlobal təhsil məkanında yeni tərəfdaşlıq imkanlarının yaradılmasına xidmət etdiyi vurğulanıb.