Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində Bilik Günü qeyd olundu
Yerləşdirilmə tarixi : 15 Sentyabr 2025 10:39
Sumqayıt Dövlət Universitetində Bilik Günü qeyd olundu
Sentyabrın 15-də Sumqayıt Dövlət Universitetində (SDU) 2025/2026-cı tədris ilinin başlanmasına və Bilik Gününə həsr olunmuş tədbir keçirilib. Universitetin əsas tədris binasının qarşısında təşkil edilən təntənəli mərasimdə SDU-nun professor-müəllim və inzibati heyəti, tələbələr, magistrantlar və onların valideynləri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov tədbiri açaraq iştirakçıları salamlayıb, yeni tədris ilinin başlanması münasibətilə universitet kollektivini, tələbələri, xüsusilə SDU ailəsinə yeni qoşulan birinci kurs tələbələrini təbrik edib, onlara uğurlar arzulayıb. Rektor çıxışında bildirib ki, bu il ümumilikdə 2,2 milyon nəfər təhsilalan müxtəlif pillələr üzrə tədris prosesinə cəlb olunub, ölkə üzrə təhsil sahəsində fəaliyyət göstərən işçi heyətinin sayı isə 300 min nəfərə yaxındır. Bu, təhsilin inkişafının hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunun göstəricisidir. Qeyd edib ki, bu istiqamətdə möhkəm təməl Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdəki təhsil ocaqlarına etdiyi səfərlər, onların fəaliyyətinə verdiyi xüsusi diqqət və dəstək dövlətin təhsilə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Əminağa Sadıqov vurğulayıb ki, məqsədimiz qlobal çağırışlara cavab verən, əmək bazarında rəqabətədavamlı mütəxəssislər hazırlamaq və müasir tələblərə uyğun ali təhsil müəssisəsi kimi inkişaf etməkdir. O, universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərə və həyata keçirilməsi nəzərdə tutulan yeniliklərə diqqət çəkib. Bildirib ki, Universitetin inkişaf istiqamətindəki ardıcıl fəaliyyəti nəticəsində SDU ilk dəfə olaraq “QS 2026 – dünyanın ən yaxşı universitetlərinin reytinqi” siyahısına daxil edilib. Həmçinin 2025/2026-cı tədris ili üzrə qəbul nəticələri əvvəlki illərlə müqayisədə xeyli yüksək olmuşdur. Bu isə universitetin keyfiyyətli təhsil mühitinin və artan nüfuzunun göstəricisidir. Sonra tədbirdə SDU-nun məzunu, Riyazi analiz və diferensial tənliklər kafedrasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Xəyalə Seyfullayeva, bu il 600-dən yuxarı bal toplayaraq SDU-nun Filologiya fakültəsinə qəbul olmuş tələbə Lalə Xəlilova, İqtisadiyyat və idarəetmə fakültəsinin magistrantı Nicat Osmanov, həmçinin universitetin Filologiya fakültəsinə qəbul olunmuş Namidə İsayeva çıxış edərək təhsil mühitindəki müsbət dəyişikliklərdən, mütərəqqi qiymətləndirmə üsullarından və tələbələr üçün yaradılmış şəraitdən söz açıblar. Çıxışçılar vurğulayıblar ki, Sumqayıt Dövlət Universitetini seçmələri təsadüfi deyil, çünki burada tələbəyönümlü təhsilin keyfiyyəti, obyektiv qiymətləndirmə, tələbələrin fiziki və mənəvi inkişafı üçün ardıcıl və məqsədyönlü işlər görülür. Onlar həmkarlarına uğurlar arzulayıb, universitetin dəyərlərinə sadiq qalmağa çağırıblar.
 Daha sonra Əminağa Sadıqov tələbələrin valideynləri ilə səmimi söhbət edib. Qeyd edib ki, övladlarınız Sumqayıt Dövlət Universitetində təhlükəsiz, ədalətli və ciddi intizamın hökm sürdüyü mühitdə təhsil alacaqlar. Onları bizə etibar edin, tədris prosesindəki tələbkarlığımıza dözümlü yanaşın və müdaxilə etməyə çalışmayın.
 Tədbir tələbələrin ifasında səslənən universitetin marşı və “Azərbaycan” mahnısı ilə yekunlaşıb
 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az