SDU-nun məzun tələbələri mühasibatlıq üzrə layihəyə qoşuldu
Sumqayıt Dövlət Universitetinin (SDU) İqtisadiyyat fakültəsinin sonuncu kurs tələbələri Dövlət Məşğulluq Agentliyi və Gənc Mühasiblər İctimai Birliyinin birgə həyata keçirdiyi mühasibatlıq layihəsinə cəlb olunublar. Gənc Mühasiblər İctimai Birliyinin rektorluğa rəsmi müraciəti əsasında SDU tələbələri seçim mərhələsində iştirak ediblər. Seçimlərdə iştirak edən 20 nəfər tələbədən 8 nəfər təlimlərdə iştirak hüququ qazanıb. Layihə çərçivəsində təlimlər praktik xarakter daşıyır və 5 ay müddətində keçiriləcək. Hər bir iştirakçıya təlim dövründə aylıq 200 manat təqaüd veriləcək. Təlim proqramını uğurla başa vuran məzunlar yekun imtahan verərək maliyyə-mühasibat sahəsində peşəkar kadr kimi işlə təmin olunacaqlar. Qeyd edək ki, Gənc Mühasiblər İctimai Birliyi Dövlət Məşğulluq Agentliyi ilə tərəfdaşlıq edərək mühasibatlıq sahəsində ixtisaslaşmış kadrların hazırlanmasına, eləcə də “işsiz və işaxtaran” vətəndaşların məşğulluğunun təmin edilməsinə dəstək göstərir.