"A-dan Z-yə layihə yazılışı" mövzusunda təlim
Aprelin 28-də Sumqayıt Dövlət Universitetinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə "A-dan Z-yə layihə yazılışı" mövzusunda təlim keçirilib. Karyera və Məzunlarla İş Mərkəzinin direktor əvəzi Rühəngiz Əmirova çıxış edərək tələbələrin maraqlarına uyğun ixtisas və karyera seçmələrinə dəstək olmaq məqsədilə təşkil olunan təlimlərin əhəmiyyətindən danışıb. O, universitetin müasir texnologiyaların tətbiqinə, elmi tədqiqatlara və təhsil sahəsindəki yeniliklərə üstünlük verdiyini qeyd edib və belə təlimlərin tələbələrin peşəkar inkişafına müsbət təsir etdiyini vurğulayıb. Təlim karyera məsləhətçisi Orxan Əliyev tərəfindən aparılıb. O, iştirakçılara layihə strukturu necə qurulacağı, effektiv ideyaların necə formalaşdırılacağı və müsabiqələrə uyğun layihələrin necə yazılacağı haqqında məlumat verib. Qeyd edib ki, layihə yazılışı prosesində düzgün yanaşma və planlaşdırma çox önəmlidir, eyni zamanda yaradıcı və praktiki fikirlərin birləşməsi layihənin uğuruna təsir edən əsas faktorlardır. Sonra təlim interaktiv formatda keçirilərək, iştirakçılar müxtəlif qrup işlərini icra ediblər.