İyunun 30 –da Sumqayıt Dövlət Universitetində (SDU) Təbiət Elmləri fakültəsinin Fizika müəllimliyi ixtisası üzrə 2005-ci il məzunları 20 ildən sonra görüş keçiriblər. Bu əlamətdar gün SDU-da “Məzun Günü” ilə üst-üstə düşərək tədbirə xüsusi mənəvi dəyər qatıb. Duyğulu anların yaşandığı görüşdə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov məzunlara səmimi salamlarını çatdırıb. O, bu cür görüşlərin universitet-məzun münasibətlərinin güclənməsindəki rolunu vurğulayaraq, belə əlaqələrin həm məzunların peşəkar inkişafına, həm də universitetin davamlı inkişafına töhfə verdiyini bildirib. Sonra Karyera və Məzunlarla İş Mərkəzinin direktor əvəzi Ruhəngiz Əmirova çıxış edərək Məzun Assosiasiyası çərçivəsində həyata keçirilən layihələr, qurulan əlaqələr və gələcək planlar barədə məlumat verib.
Daha sonra universitetin tanıtım videoçarxı nümayiş olunub. Təbiət Elmləri fakültəsinin dekan müavini dosent Sabir Ələkbərov və digər müəllimlər də çıxış edərək fakültənin son illərdəki elmi, tədris və ictimai fəaliyyətindən söz açıb, əldə olunan uğurları diqqətə çatdırıblar. Eyni zamanda, fakültə məzunlarının qazandıqları nailiyyətləri universitetin uğuru kimi dəyərləndiriblər. Tədbir boyu məzunlar öz tələbəlik illərinə nəzər salaraq unudulmaz xatirələrini bölüşüblər. Onlar tələbəlik dövrünün ən yaddaqalan anlarını xatırlayıb, bu illərin həyatlarında tutduğu mühüm yerdən danışıblar. Eyni zamanda, müxtəlif sahələrdə əldə etdikləri karyera uğurlarını bölüşərək universitetə olan minnətdarlıqlarını ifadə ediblər. Tədbirin sonunda iştirakçılar birlikdə xatirə şəkli çəkdirib.