Sumqayıt Dövlət Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib
Sumqayıt Dövlət Universitetində (SDU) 15 İyun − Milli Qurtuluş Günü münasibətilə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın qurtuluş yolu” adlı elmi-praktik seminar keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Seminarı giriş sözü ilə açan universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov əlamətdar tarixi gün münasibətilə universitet kollektivini təbrik edərək, seminarın əhəmiyyətindən bəhs edib. Bildirib ki, SDU-nun Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin fəaliyyət planına uyğun olaraq təşkil olunan belə seminarlar Ulu Öndərin irsinin təbliği və gənc nəsillərə ötürülməsi, həmçinin milli-mənəvi dəyərlərin qorunub saxlanılması baxımından böyük önəm kəsb və universitetin tədris prosesinə müsbət təsir göstərir.
Əminağa Sadıqov çıxışında müstəqilliyin bərpa olunmasının ilk illərində respublikamızda baş verən mürəkkəb ictimai-siyasi proseslərə toxunub. Həmin dövrdə ölkəmizin üzləşdiyi ciddi təhlükələr və siyasi böhran şəraitində xalqın yeganə ümid yeri olan dahi şəxsiyyət – Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıb. Vurğulayıb ki, müstəqilliyini yeni əldə etmiş Azərbaycanın ilk illərində hökm sürən siyasi xaos, idarəetmə böhranı və dövlətçiliyin iflas təhlükəsi yalnız Ulu Öndərin müdrik rəhbərliyi sayəsində aradan qaldırılıb. Məhz dahi şəxsiyyətin hakimiyyətə qayıdışından sonra dövlətçiliyimizin təməli möhkəmləndirilərək, müstəqilliyimiz davamlı və dönməz xarakter alıb.
Professor onu da qeyd edib ki, bu tarixi hadisə 15 İyun − Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olmaqla yanaşı, ölkəmizin gələcək inkişaf yolunun başlanğıc nöqtəsinə çevrilib. Qurtuluş Günü yalnız ölkənin siyasi tarixində deyil, eyni zamanda cəmiyyətin bütün sahələrinin, o cümlədən təhsilin, elmin və gəncliyin inkişafında yeni mərhələnin başlanğıcı olduğunu diqqətə çatdırıb. Ulu Öndərin xidmətlərindən danışan Əminağa Sadıqov bildirib ki, Sumqayıt Dövlət Universiteti də Ümummilli Lider Heydər Əliyevin böyük diqqət və qayğısı nəticəsində formalaşıb. 2000-ci ildə Ümummilli Liderin imzaladığı Fərmana əsasən Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradılmışdır. Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz regionun lider dövlətinə çevrilərək dünya miqyasında söz sahibi olan bir gücə malik olub. Bu baxımdan, Milli Qurtuluş Günü xalqımızın həyatında çox əlamətdar bir tarixdir.
Seminarda Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Samir Məhərrəmov “Heydər Əliyevin xilaskarlıq missiyası: 1993-cü ilin siyasi böhranı və dövlətçiliyin qorunmasında tarixi dönüş nöqtəsi”, Biznesin idarə edilməsi kafedrasının müdiri dosent Qalib Hüseynov “1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatının transformasiyası: neft stratyegiyası və sosial-iqtisadi inkişaf”, Riyazi analiz və diferensial tənliklər kafedrasının baş müəllimi Günay İsmayılova “Milli Qurtuluş Günü və Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi”, Təbiət elmləri fakültəsinin IV kurs tələbəsi Məleykə Xankişiyeva “Heydər Əliyev ideyalarının müasir Azərbaycanda davamlı inkişafa və beynəlxalq siyasətə təsiri”mövzularında çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan tarixində tutduğu müstəsna yeri vurğulayaraq bildiriblər ki, bu əlamətdar gün dövlətçiliyimizin xilası, müstəqilliyimizin möhkəmləndirilməsi və gələcək inkişaf yolunun başlanğıcı kimi tariximizə qızıl hərflərlə yazılıb. Daha sonra 15 İyun − Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.