Sumqayıt Dövlət Universitetində yaz semestrinin imtahan sessiyasına start verilib
İyunun 2-də Sumqayıt Dövlət Universitetində (SDU) 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib. İmtahan sessiyasını Elm və Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov əmr imzalayıb. Qeyd edək ki, yaz semestrinin imtahan sessiyası iyunun 2-dən iyulun 2-dək keçiriləcək. Bir növbədə təşkil edilən imtahanlar hər gün saat 9:00-da 12:00-dək keçirilir. SDU-da mütəxəssis hazırlığının çoxprofilliyi nəzərə alınaraq imtahanlar müxtəlif formalarda (yazılı, şifahi, praktik tapşırıq, açıq tipli məntiqi, situativ, kompüter vasitəsilə onlayn rejimdə və s.) təşkil edilir. Bakalavriat səviyyəsi üzrə Yekun Dövlət Attestasiyaları və təcrübə hesabatlarının 23 iyundan, magistratura səviyyəsi üzrə dissertasiya işlərinin müdafiəsinin isə iyunun 17-dən iyulun 4-dək keçirilməsi nəzərdə tutulur. İmtahan sessiyasının gedişinə nəzarət, o cümlədən şəffaflığın təmin olunması məqsədilə SDU-da Apellyasiya Komissiyası və İmtahan Qərargahı fəaliyyət göstərir.