Mayın 31-də Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində ASAN İnnovativ İnkişaf Mərkəzi (AİİM) tərəfindən “Müəllimlər üçün süni zəka alətləri” mövzusunda təlim keçirilib. Təlim AİİM-in eksperti Nofəl Əliyevin təqdimatında baş tutub. Dörd saat davam edən təlim əsasən Məktəbəqədər təhsil və İbtidai sinif müəllimliyi ixtisasları üzrə dərs deyən müəllimlər üçün nəzərdə tutulub. Tədbirdə Dil və ədəbiyyat, Xarici dillər, Pedaqogika və psixologiya kafedralarını təmsil edən 20 nəfər müəllim iştirak edib.
Təlim zamanı süni zəkanın iş prinsipləri, təhsildə qarşıya çıxa biləcək etik məsələlər, dərs planlaşdırılması və qiymətləndirmə prosesində süni zəka alətlərindən istifadə imkanları barədə ətraflı məlumat verilib. Həmçinin, bu alətlərlə praktiki tapşırıqların və interaktiv saytların hazırlanması yolları iştirakçılara tətbiqi nümunələrlə izah olunub. Təlimin sonunda iştirakçılara ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən sertifikatlar təqdim olunub.