Mayın 30-da Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsində Pedaqoji və istehsalat təcrübəsinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Tədbirdə universitet rəhbərliyi, müəllimlər, məktəb nümayəndələri, metodistlər və tələbələr iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova və Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının müdiri, dosent Məftun Heydərova çıxış edərək, tələbələrin pedaqoji təcrübə müddətində qazandıqları nailiyyətləri vurğulayıblar. Konfrans zamanı fakültənin müxtəlif ixtisaslarında təhsil alan tələbələr 14 həftəlik məktəb təcrübələri ilə bağlı təqdimatla çıxış ediblər. Hər yarımqrup üzrə seçilmiş tələbələrin çıxışları dinlənilib, onların təcrübə fəaliyyəti metodist müəllimlər tərəfindən hesabat şəklində qiymətləndirilib.
Sonra pedaqoji fəaliyyətlərində fərqlənən tələbələrə təşəkkürnamələr təqdim olunub. “Ən çox alqış toplayan təqdimatçı”, “Ən orijinal təqdimat müəllifi” və “Ən emosional çıxış edən tələbə” nominasiyaları üzrə qaliblər fəxri fərmanlarla təltif ediliblər. Konfransın sonunda “Təcrübə mənə nə verdi?” adlı bölmədə tələbələr təcrübə müddətində qazandıqları şəxsi inkişafları ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə məktəbləri təmsil edən nümayəndələr tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.