Mayın 29-da Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə “Neyron şəbəkələrin tətbiqi ilə maşın öyrətməsi” mövzusunda elmi seminar keçirilib. Seminarı kafedranın müdiri, dosent Məftun Heydərova açaraq tədbirin əhəmiyyətindən bəhs edib, seminarın keçirilməsində əsas məqsədin süni intellekt və maşın öyrənməsi sahəsində neyron şəbəkələrin nəzəri və praktiki potensialının dəyərləndirilməsi, həmçinin bu texnologiyaların elmi-tədqiqat və tədris mühitində tətbiq imkanlarının araşdırılması olduğunu vurğulayıb.
Sonra Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının dosenti, texnika elmləri doktoru Şəhla Hüseynzadə “Neyron şəbəkələr və onların maşın öyrətməsində rolu”, baş müəllim Səbinə Qurbanova “Neyron şəbəkə əsaslı süni intellekt modellərini hazırlamağa imkan verən vizual və interaktiv platformada iş”, müəllim Könül Əliyeva isə “Neyron şəbəkə əsaslı praktik tətbiqlər: obraz tanıma və qərar qəbul etmə”, mövzularında məruzələrlə çıxış ediblər. Məruzəçilər çıxışlarında neyron şəbəkələrin nəzəri əsasları, real həyat tətbiqləri və bu sahədə istifadə olunan müasir texnologiyalar barədə məlumat verib, süni intellektin inkişafında bu alətlərin əhəmiyyətini vurğulayıblar.
Məruzələrdən sonra qonaq qismində iştirak edən Azərbaycan Texniki Universitetinin Kompüter texnologiyaları kafedrasının dosenti Nizami Cəfərov çıxış edərək mövzunun aktuallığından bəhs edib. O, neyron şəbəkələrin tədrisdə tətbiqinin araşdırılmasının kafedranın yüksək elmi potensialının və innovativ yanaşmasının göstəricisi olduğunu qeyd edib. Seminar mövzu ətrafında diskussiya ilə davam edib. Sonda Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova çıxış edərək müasir texnologiyaların tədris və tədqiqat sahəsində tətbiqinin vacibliyini vurğulayıb, məruzəçilərə və iştirakçılara təşəkkürünü bildirib