Mayın 29-da Sumqayıt Dövlət Universitetində (SDU) Riyazi analiz və diferensial tənliklər, Pedaqogika və psixologiya kafedrası və İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə "İnklüziv təhsil inklüziv cəmiyyətin təməlidir" mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda müəllim heyəti ilə yanaşı, müəllimlik ixtisası üzrə təhsil alan tələbələr də iştirak ediblər. Seminara universitetin Riyaziyyat fakültəsinin məzunu, hazırda inklüziv təhsil üzrə mütəxəssis Əlfiyat Əlisultanova onlayn formatda qatılıb.
Pedaqogika və psixologiya kafedrasının müdiri, İnklüziv Təhsil Mərkəzinin məsul şəxsi dosent Aytəkin Məmmədova seminarın açılışında çıxış edərək tədbirin məqsədi, inklüziv təhsilin əhəmiyyəti, onun cəmiyyətə təsiri və bu sahədə görülən işlər barədə məlumat verib. Bildirib ki, ali təhsil müəssisələrində, o cümlədən SDU-da inklüziv təhsilə xüsusi önəm verilir. Universitetdə fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi bu istiqamətdə mühüm işlər həyata keçirir. Dosent Aytəkin Məmmədova çıxışında həmçinin vurğulayıb ki, Pedaqogika və psixologiya kafedrasının müəllim heyəti tərəfindən “İnklüziv təhsil” fənni tədris olunur.
Riyazi analiz və diferensial tənliklər kafedrasının müdiri, dosent Xəyalə Seyfullayeva çıxış edərək fakültənin məzunu olmuş, hazırda inklüziv təhsil sahəsində fəaliyyət göstərən Əlfiyat Əlisultanovanın təhsil və peşəkar fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Ə.Əlisultanova 2016-cı ildə Sumqayıt Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisası üzrə bakalavr təhsilini, 2023-cü ildə isə Qərbi Şotlandiya Universitetində İnklüziv Təhsil üzrə magistr səviyyəsini fərqlənmə diplomu ilə başa vurub. 2025-ci ildə isə Şərqi London Universitetində Riyaziyyat müəllimliyi üzrə akkreditasiyadan keçərək Beynəlxalq Müəllimlik Sertifikatına layiq görülüb.
Seminarda onlayn formatda iştirak edən inklüziv təhsil üzrə mütəxəssis Əlfiyat Əlisultanova inklüziv təhsilin mahiyyəti və əhəmiyyəti barədə geniş təqdimatla çıxış edib. Qeyd edib ki, inklüziv təhsil yalnız fiziki məhdudiyyətli şəxslərə yönəlməyib, cəmiyyətin bütün üzvlərinə bərabər və keyfiyyətli təhsil imkanlarının yaradılmasına xidmət edən universal bir konsepsiyadır. Çıxışı zamanı o, əlilliyə yanaşmada mövcud olan tibbi və sosial modellər arasındakı fərqləri izah edib, həmçinin inklüziv təhsillə bağlı rəsmi sənəd kimi qəbul olunmuş Salamanka Bəyannaməsi barədə ətraflı məlumat verib. Seminar müzakirələrlə davam edib.