Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində Karyera Forumu keçirilib
Yerləşdirilmə tarixi : 27 May 2025 10:04
Sumqayıt Dövlət Universitetində Karyera Forumu keçirilib
 
Mayın 26-da Sumqayıt Dövlət Universitetində gənclərin əmək bazarına inteqrasiya və peşəkar fəaliyyətə təşviqi məqsədi daşıyan “Sənaye ilə həmrəylik: İstehsalatın gücü və qlobal təsirləri” adlı Forum və Karyera sərgisi baş tutdu. Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı, "SOCAR Polymer" şirkətinin baş sponsorluğu, Dövlət Məşğulluq Agentliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, eləcə də Sumqayıt Dövlət Texniki Kollecinin birgə əməkdaşlığı çərçivəsində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzdülər, xatirəsini ehtiramla yad etdilər. Böyük Akt Zalında davam edən Forumda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov Forumu açaraq qonaqları və iştirakçıları salamladı.

Tələbələrə üz tutaraq Əminağa Sadıqov Forumun karyera qurmaq istəyənlər üçün yaxşı fürsət olduğunu vurğuladı, perspektivli işlər üçün motivasiya yaratdığını qeyd etdi. Sumqayıt sənaye şəhərinin mərkəzində fəaliyyət göstərən Sumqayıt Dövlət Universitetinin müəssisələrlə qarşılıqlı əlaqəsinin, faydalı əməkdaşlığın yüksəkixtisaslı kadr hazırlanması işinə kömək etdiyini bildirən professor bunun əmək bazarının tələblərini öyrənmək üçün əhəmiyyətini bildirdi.

Abşeron-Xızı Regional Məşğulluq filialı ilə birgə layihələrdən söhbət açan Əminağa Sadıqov günümüzdə təkcə Azərbaycanda deyil, bütün dünyada ən çox informasiya texnologiyaları, süni intellekt, proqramlaşdırma sahəsində kadr ehtiyacının aktual olduğunu, universitetlərin vəzifəsinin bu tələblərə cavab verəcək kadr hazırlığından bəhs etdi. Prezident İlham Əliyevin ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə həmin ixtisasların prioritetə çevrildiyini qeyd edən Əminağa Sadıqov universitetlərin qarşısında duran perspektivlərdən söz açdı.

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Hicran Hüseynova və Mehriban Vəliyeva, Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri Əbdül Bayramov əmək bazarında sərt tələblərin hökm sürdüyü vaxtlarda ölkənin ali, orta-ixtisas və peşə təhsili məktəblərinin üzərinə düşən vəzifələrdən danışaraq bu şəraitdə gəncliyin bilik-bacarıqlarının həlledici rolunu xatırlatdılar.

Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı Regional nümayəndəliyinin direktoru Sevinc Qasımovanın moderatorluğu ilə başlayan panel iclası “Təhsil və sənayenin inkişafında iştirakçıların rolu” mövzusu üzrə davam etdirildi. Spikerlər ─ “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə, “Azərsun” Kağız və Karton İstehsalat Korporasiyası istehsalat üzrə müdiri Marif Aslanov, “Biotechfuel” zavodunun icraçı direktoru Bülent Kalkan, SOCAR Karbamid zavodunun SƏTƏM şöbəsinin rəisi Nurlan Axundov təmsil etdikləri qurumlarda karyera qurmaq niyyətində olan gənclərə tövsiyələrini verdilər. Forumdan sonra universitetin rektoru v.i.e., professor Əminağa Sadıqov və qonaqlar kampusda təşkil olunan Karyera sərgisi ilə tanış oldular. Universitetin tələbə və məzunları isə sərgidə ixtisaslarına uyğun real karyera qazanmaq fürsəti qazandılar, işəgötürənlərlə əlaqə qura bildilər. Forum universitet tələbələrindən ibarət özfəaliyyət qrup üzvlərinin konsert proqramı ilə davam etdi.

 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az