Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində “Fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında gənclərin rolu” mövzusunda müşavirə keçirilib
Yerləşdirilmə tarixi : 18 Aprel 2025 13:24
Sumqayıt Dövlət Universitetində “Fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında gənclərin rolu” mövzusunda müşavirə keçirilib
 
Aprelin 18-də Sumqayıt Dövlət Universitetində (SDU) Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı, Sumqayıt Dövlət Universiteti və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında gənclərin rolu” mövzusunda müşavirə keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi, polkovnik Mirfuad Mahmudov, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov və Sumqayıt Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Əvvəlcə SDU-nun rektoru vəzifəsini icra edən, professor Əminağa Sadıqov və qonaqlar universitetin foyesində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Akt zalında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e. AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov bildirib ki, sənayenin intensiv inkişafı, istehsal proseslərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməməsi, planetin əhalisinin sürətli artımı, dağıdıcı hərbi münaqişələr tez-tez böyük qəzalara, təbii fəlakətlərə və epidemiyalara səbəb olur. Təbii və texnogen fəlakətlərin sayının və miqyasının qlobal artım tendensiyası müşahidə olunur. Onların ətraf mühitə mənfi təsiri artır. Dünyada hər il təbii və texnogen fəlakətlər nəticəsində itkilər yüz minlərlə insan tələfatı və yüz milyardlarla maddi ziyanla ölçülür. O, qeyd edib ki, fövqəladə halların qarşısının alınması və oların nəticələrinin aradan qaldırılmasının təkmilləşdirilməsinə dair məsələlər Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Onların qəbul etdiyi qərarlarda qəbul etdiyi bir sıra qərarlarda əhalinin təhlükısizliyinin qorunması qarşıya mühüm vəzifə kimi qoyulmuşdur. Bu vəzifələrin yerinə yetirilməsi üçün müasir texnologiyalarla işləməyi bacaran, peşəkar və hazırlıqlı mütəxəssislərə ehtiyac vardır. Professor Əminağa Sadıqov qeyd edib ki, sənaye şəhərində yerləşən Sumqayıt Dövlət Universiteti bu ehtiyacı qarşılamaq məqsədilə müvafiq ixtisaslar üzrə mühəndis kadrların hazırlanmasına xüsusi diqqət yetirir. O, həmçinin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunmağın, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlərin keçirilməsinin gənclər üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev çıxış edərək FHN-in strukturu, fəaliyyət istiqamətləri, fövqəladə halların yaranma səbəbləri, növləri, qarşısının alınması vasitələri və yolları barədə ətraflı məlumat verib. O, çıxışında Ulu Öndər Heydər Əliyevin mülki müdafiə sahəsində gördüyü işlərin əhəmiyyətini qeyd edərək, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və əhalinin fövqəladə hallara hazırlığının yüksək səviyyədə təmin olunduğunu vurğulayıb.

Vaqif Fətullayev həmçinin ölkədə həyata keçirilən məqsədyönlü gənclər siyasətindən də bəhs edib. O, Fövqəladə Hallar Nazirliyində (FHN) gənclər üçün yaradılan şərait, könüllü fəaliyyətlər və bu çərçivədə təşkil olunan müxtəlif yarışlar barədə məlumat verib. Qeyd edib ki, bu yarışlar gənclərin fövqəladə hallar zamanı necə davranmalı olduqları ilə bağlı bilik və bacarıqlarını artırmaqla yanaşı, onlarda bu sahəyə marağın formalaşmasına da xidmət edir. Bu kimi maarifləndirici tədbir və yarışlar gənclərin fövqəladə hallara qarşı mübarizə sahəsində ilkin praktiki təcrübə qazanmalarına geniş imkanlar yaradır.

Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi, polkovnik Mirfuad Mahmudov çıxış edərək rəhbərlik etdiyi idarənin fəaliyyəti, yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, mümkün yanğınların söndürülməsi və xilasetmə əməliyyatlarında şəxsi heyətin peşəkar bacarıqlarının artırılması, yanğın zamanı zəruri davranış qaydaları, həmçinin təxliyə barədə ətraflı məlumat verib. Tədbirdə FHN və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin fəaliyyətlərini əks etdirən videoçarxlar nümayiş olunub.

FHN-in Sumqayıt Regional Mərkəzinin Ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Sabir Əsgərov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədr müavini, Fövqəladə Mobil Könüllü Dəstənin üzvü Lalə Cəlilzadə, SDU-nun Təbiət elmləri fakültəsinin II kurs tələbəsi Nübar Rəhimova fövqəladə hallar zamanı davranış, ilk tibbi yardımın göstərilməsi, mülki müdafiənin mühafizə vasitələrindən istifadə qaydaları barədə məlumat verərək, gənclərin bu sahədəki fəaliyyətinin vacibliyini vurğulayıblar. Sonra Prezident İlham Əliyevin çıxışlarından hissələr və gənclərlə keçirdiyi görüşlərdən ibarət videoçarx nümayiş olunub. Tədbir universitetin “Səma” rəqs qrupunun çıxışı və tələbələrin ifaları ilə davam edib. Müşavirədən sonra universitetin ərazisində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin xüsusi təyinatlı nəqliyyat vasitələrindəki alət və avadanlıqlara baxış keçirilib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az