Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Gələcək mühəndislər” layihəsinin bağlanış mərasimi keçirilib
Yerləşdirilmə tarixi : 18 Mart 2025 13:20
“Gələcək mühəndislər” layihəsinin bağlanış mərasimi keçirilib
 
Martın 18-də sənaye - universitet əməkdaşlığı istiqamətində Sumqayıt Dövlət Universiteti (SDU) ilə STP Şirkətlər Qrupu arasında “Sabahın gücü” layihəsi çərçivəsində təşkil olunan “Gələcək mühəndislər” təlim proqramının bağlanış mərasimi keçirilib. Rektor v.i.e. professor Əminağa Sadıqov çıxış edərək universitetlə STP Şirkətlər Qrupu arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən “Gələcək mühəndislər” təlim proqramının əhəmiyyətindən danışaraq, SDU-nun bu cür layihələrə verdiyi dəstəyi vurğulayıb. Qeyd edib ki, Sumqayıt Dövlət Universiteti sənaye müəssisələri ilə birgə tələbələrə təcrübə proqramları, müxtəlif təlimlər, konfranslar və tələbə düşərgələri təşkil edərək, universitetin sənaye müəssisələri ilə əlaqələrini möhkəmləndirir. Belə tədbirlər tələbələrin yüksək texnoloji və innovativ biliklərə marağını artırmaqla yanaşı, onların müasir sənaye sahəsindəki vərdişlərini inkişaf etdirir. Əminağa Sadıqov onu da qeyd edib ki, Sumqayıt sənaye şəhəri olaraq, SDU kadr potensialını təmin edir. Universitetin müxtəlif fakültələri və ixtisasları, xüsusilə mühəndislik və texnologiya sahələrində yetişdirdiyi mütəxəssislər, Sumqayıtın sənaye müəssisələrinin ehtiyaclarına cavab verir. Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova çıxış edərək “Gələcək mühəndislər” layihəsinin məqsədi, gedişatı və nəticələri barədə təqdimatla çıxış edib. Sənaye və təhsil sektorunun birgə əməkdaşlığının mühəndislik sahəsində necə müsbət nəticələr verdiyi barədə çıxış edən STP “Advanced Technologies” şirkətinin icraçı direktoru Rafiq Hüseynov bildirib ki, bu əməkdaşlıq mühəndislik sahəsinin inkişafında çox mühüm rol oynayır. O, iki müəssisə arasında gerçəkləşən uzunmüddətli layihələrin mühəndislik yeniliklərinin tətbiqinə, tələbələrin təcrübə qazanmasına və iş dünyası ilə sıx inteqrasiyasına böyük töhfə verdiyini və bu layihənin gələcəkdə də davam edəcəyini vurğulayıb. SDU-nun Mühəndislik fakültəsinin Kimya mühəndisliyi və ekologiya kafedrasının müdiri Tünzalə Babayeva və təlimlərdə iştirak edən tələbələr- Qüdrət Ağazadə, Nərgiz Qafarova çıxış edərək təlimlərin mühəndislik sahəsində həm nəzəri, həm də praktiki biliklər qazandırmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Sonda təlimlərdə fəal iştirak edən SDU əməkdaşlarına sertifikat təqdim olunub.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az